CƏMİYYƏT
YAP Səbail təşkilatında 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım tədbiri keçirilib VİDEO
Bakı, 19 yanvar, AZƏRTAC
20 Yanvar xalqımızın keçəcəyi yolun məhək daşı olub. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilən, millətin Vətən sevgisinin real təcəssümü olan, gəncliyin bu sevgi yolunda ölümə belə getdiyini göstərən həmin hadisələr həm də lidersiz millətin gücsüzlüyünü əyani şəkildə ortaya qoydu. Bu, ədalət tələb edən xalqa tutulan divan idi.
AZƏRTAC xəbər verir ki, bu sözləri YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev 20 Yanvara həsr olunan “Qan yaddaşımızı unutmayaq” mövzusunda keçirilən anım tədbirində çıxışında söyləyib.
Həmin taleyüklü məqamlarda ümummilli lider Heydər Əliyevin təqiblərdən çəkinməyərək, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlməsinin, ozamankı İttifaq rəhbərliyini xalqımıza qarşı cinayətdə ittiham etməsinin cəsarətli addım olduğunu bildirən Muxtar Nağıyev bununla Ulu Öndərin hər zaman xalqının yanında olduğunu bir daha göstərdiyini bildirib. “Sonralar Azərbaycanda ikinci dəfə siyasi rəhbərliyinə gələn Ümummilli Liderimiz 20 Yanvar hadisələrinə siyasi və hüquqi qiymət verilməsinə nail oldu", - deyən təşkilat sədri bir il əvvəl Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsini 20 Yanvar şəhidlərinin “güllələnmiş arzuları”nın həyata keçməsi kimi qiymətləndirdi.
Sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, tarix üzrə elmlər doktoru Xəqani Məmmədov 20 Yanvar hadisələri ilə bağlı məruzə ilə çıxış edib. 32 il əvvəl dinc vətəndaşlara qarşı edilənləri qəsdən törədilən cinayət adlandıran professor Xəqani Məmmədov Bakıda baş verənləri haqsız iddialar qaldıran erməni millətçilərinə mərkəzi hakimiyyətin dəstəyi kimi dəyərləndirdi.
Daha sonra iştirakçılar 20 Yanvar hadisələrinə həsr edilmiş sərgi ilə tanış olublar.