REGİONLAR
YAP Xaçmaz rayon təşkilatı Gənclər Birliyinin üzvlərinin sayı 3500 nəfərə çatıb
Xaçmaz, 11 aprel, Elxan Yusifli, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatı Gənclər Birliyinin üzvlərinin sayı artaraq 3 min 500 nəfərə çatıb. Onlardan 2 minə yaxını qadınlardır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə YAP Xaçmaz rayon təşkilatı Gənclər Birliyinin VIII hesabat-seçki konfransında məlumat verilib.
Tədbirdə Gənclər Birliyinin sədri Emil Tağıyev ötən hesabat-seçki konfransından keçən müddət ərzində qurumun fəaliyyəti haqqında hesabatla çıxış edib.
Sonra konfransda təşkilati məsələlərə baxılıb.
YAP Xaçmaz rayon təşkilatı Gənclər Birliyi şurasının 21 nəfərdən ibarət yeni tərkibi, sədr və sədr müavinləri və YAP Gənclər Birliyinin respublika konfransına nümayəndələr seçilib.
Səsvermə nəticəsində Xaçmaz Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Fərid Musayev Gənclər Birliyinin yeni sədri seçilib.
Konfransda YAP Gənclər Birliyinin sədri Seymur Orucov, YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Milli Məclisin deputatları İlham Əliyev, Eldəniz Səlimov çıxış edərək ölkəmizdə uğurla yürüdülən dövlət-gənclər siyasəti, gənclərin inkişafı ilə bağlı həyata keçirilən layihələr, dövlət proqramları barədə söhbət açıblar. Qeyd olunub ki, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu dövlət-gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda ölkəmizdə müasir Azərbaycan gəncinin inkişafı, yüksək səviyyədə təhsil alması istiqamətində hər cür şərait yaradılıb. Gənclər, eyni zamanda, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər.
Çıxış edən gənclər ölkəmizin inkişafı, respublikamızla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün səylə çalışacaqlarını söyləyiblər.
Tədbirin sonunda partiya sıralarına daxil olmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.