CƏMİYYƏT
YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinin VII hesabat-seçki konfransı keçirilib
Bakı, 3 aprel, AZƏRTAC
Aprelin 3-də Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatı Gənclər Birliyinin VII hesabat-seçki konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransı açan Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov YAP Xəzər rayon təşkilatının bir çox uğurlara imza atdığını bildirib. O, təşkilatın ötən illər ərzində gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən danışıb, həmçinin qurumun Gənclər Birliyinin fəaliyyəti haqqında fikirlərini bildirib.
Sonra YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinin üzvü Sadiq Əliyev çıxış edərək Azərbaycanda uğurlu gənclər siyasətinin həyata keçirildiyini bildirib. Vurğulayıb ki, Prezident İlham Əliyevin siyasətində gənclərlə iş mühüm yer tutur. Yeni Azərbaycan Partiyasının gənclərin öz bilik və bacarıqlarını təqdim etmək üçün bütün imkanlar yaratdığını deyən S.Əliyev YAP Xəzər rayon təşkilatının üzvü olan gənclərin də ictimai-siyasi proseslərdə fəal iştirak etdiklərini diqqətə çatdırıb. O, həmçinin YAP Xəzər rayon təşkilatı Gənclər Birliyi tərəfindən görülən işlər, həyata keçirilən tədbirlər haqqında məlumat verib.
YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinin idarə heyətinin üzvü Ülkər Qəhrəmanlı da gənclərin ictimai-siyasi proseslərdə iştirakı haqqında fikirlərini bildirib.
Konfransda YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov çıxış edərək Azərbaycanda uğurlu gənclər siyasətinin həyata keçirildiyini deyib. Qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. Gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldıblar.
Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev bildirib ki, gənclərimizə göstərilən qayğı ildən-ilə artmaqdadır. R.Əliyev hazırda Xəzər rayonunda gənclərlə fəal iş qurulduğunu, müxtəlif tədbirlərin həyata keçirildiyini, gənclərin ictimai-siyasi proseslərdə aktiv olduqlarını diqqətə çatdırıb. O deyib ki, müasir gənclərimiz hər zaman milli-mənəvi dəyərlərimizi qorumalı, tariximizi dərindən öyrənməlidir. Çünki bu amillər ölkəmizin gələcəkdə daha da güclənməsi üçün çox önəmlidir.
Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı çıxışında gənclərə yüksək bilik qazanmağı tövsiyə edib. O qeyd edib ki, Azərbaycan dövləti bunun üçün bütün imkanları yaradıb. Hər bir millət öz savadı, intellekti ilə irəli gedə bilər. Bu baxımdan gələcəyin sahibləri olan gənclərimiz üçün də dövlətimiz bütün imkanları yaradıb. Ona görə də gənclərimiz yüksək biliklərə yiyələnib Azərbaycanın daha da inkişafı üçün səylər göstərməli, ölkəmizin beynəlxalq miqyasda nüfuzunun artmasına töhfələr verməlidirlər.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Azərbaycanda dövlət gənclər siyasətinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, bu siyasəti hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyini bildirib. O, gənclərlə bağlı qəbul edilən müxtəlif dövlət proqramlarının əhəmiyyətini vurğulayıb. Xəzər rayonunda həyata keçirilən tədbirlərdən danışan E.Salahov rayon gənclərinin quruculuq prosesində fəal iştirak etdiklərini diqqətə çatdırıb.
Konfransda çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə partiyanın yaranma tarixindən danışıb. O deyib ki, Yeni Azərbaycan Partiyası davamlı şəkildə böyük uğurlara imza atmaqla cəmiyyətdə nüfuzunu, siyasi çəkisini daha da artırıb. Yarandığı gündən partiya siyasi mübarizələrlə zəngin yol keçib. Artıq bu gün partiya növbəti zəfərlərə doğru inamla irəliləyir. YAP ölkədə keçirilən bütün seçkilərdə uğur qazanmaqla xalqın partiyası olduğunu təsdiqləyib.
Daha sonra tədbirdə təşkilati məsələlərə baxılıb. YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinin 15 nəfərdən ibarət İdarə Heyəti seçilib.
Sadiq Əliyev YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinin sədri, Nazlı Tahirova isə sədr müavini seçiliblər.