SİYASƏT


YAP “Yedinaya Rossiya” Partiyasının 20 illik yubileyinə həsr edilən videokonfransda təmsil olunub

Bakı, 1 dekabr, AZƏRTAC

Dekabrın 1-də Rusiyanın “Yedinaya Rossiya” Partiyasının 20 illik yubileyinə həsr olunan “XXI əsrin qlobal çağırışları: partiyalararası ölçü” mövzusunda videokonfrans keçirilib.

YAP mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Asiya, Avropa, Afrika və Latın Amerikası ölkələrinin aparıcı siyasi partiyalarının rəhbər şəxslərinin qatıldıqları tədbirdə Yeni Azərbaycan Partiyası Sədrinin müavini, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov çıxış edib.

Əli Əhmədov əvvəlcə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin yubiley münasibətilə “Yedinaya Rossiya” Partiyasının sədri, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri Medvedevə ünvanladığı təbrik məktubunu səsləndirib.

Videokonfransda çıxış edən Ə.Əhmədov qlobal təhlükələrə qarşı mübarizənin ən səmərəli yolunun beynəlxalq əməkdaşlıq çərçivəsində olduğunu qeyd edib. Onun sözlərinə görə, XXI əsrin qlobal çağırışlarına münasibətdə partiyalararası dialoq zəruri konsensusa və beynəlxalq əməkdaşlığa nail olmaq üçün ən yaxşı vasitə ola bilər.

COVID-19 pandemiyası ilə mübarizə sahəsində Azərbaycanda yetkin əhalinin 80 faizinin peyvənd olunduğunu diqqətə çatdıran partiya Sədrinin müavini Azərbaycanın işğaldan azad olunan ərazilərində aparılan bərpa, yenidənqurma və regionda daimi sülhün təmin olunması istiqamətində görülən işlərdən geniş bəhs edib.

Qeyd edək ki, videokonfransa YAP Mərkəzi Aparatının 20 nəfər əməkdaşı qoşulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.