CƏMİYYƏT
YAP-ın 25 illik yubileyi münasibətilə Pirallahıda keçirilən futbol yarışına yekun vurulub
Bakı, 17 oktyabr, AZƏRTAC
Azərbaycanda idmanın inkişafına və gənclərin fiziki sağlamlığına xüsusi diqqət yetirilir.
Pirallahı Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, bu fikirlər Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25 illik yubileyi münasibətilə rayonda keçirilən məktəblərarası futbol turnirinin qaliblərinin mükafatlandırılması mərasimində səsləndirilib.
Yarış YAP Pirallahı rayon təşkilatının partiyanın 25 illik yubileyi münasibətilə reallaşdırdığı silsilə tədbirlər çərçivəsində keçirilib. Maraqlı idman mübarizəsi şəraitində keçən turnirin final qarşılaşmasında 243 və 168 nömrəli məktəblərin komandaları üz-üzə gəliblər. Oyunun əsas vaxtı heç-heçə başa çatdığından qalib 11 metrlik cərimə zərbələri seriyasında müəyyənləşib. Bu mərhələdə daha dəqiq oyun nümayiş etdirən 243 nömrəli məktəbin şagirdləri yarışın qalibi olublar.
Turnirin bağlanış mərasimində çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə bədən tərbiyəsinin, idmanın inkişafına, onun kütləviliyinə nail olunmasına xüsusi diqqət yetirir. Dövlətimizin başçısının yüksək diqqət və qayğısının nəticəsidir ki, ölkəmizdə ən yüksək standartlara cavab verən idman infrastrukturu formalaşdırılıb, atletlərimiz mötəbər beynəlxalq turnirlərdə parlaq qələbələr qazanırlar. Son illər ölkəmizin ən mötəbər yarışlara ev sahibliyi etməsi Azərbaycanın dünyada idman dövləti kimi tanınmasının göstəricisidir.
K.Şikarov YAP Pirallahı rayon təşkilatının da gənclərin idmana cəlb olunması, onların fiziki sağlamlığının təminatı istiqamətində kütləvi yarışlar, turnirlər, spartakiadalar keçirdiyini vurğulayıb. O, iştirakçıları təbrik edərək, onlara Azərbaycanın adını daim uca tutmağı, bayrağımızı yüksəltməyi arzulayıb.
Sonra yarışın yekunlarına əsasən ilk üç pillədə qərarlaşan komandaların üzvləri medal, kubok və hədiyyələrlə təltif olunublar.