CƏMİYYƏT
YAP-ın nümayəndələri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı, 21 noyabr, AZƏRTAC
Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri Fəxri xiyabana gedərək müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri, YAP-ın yaradıcısı Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyublar.
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Qeyd edək ki, tarixin yetişdirdiyi nadir şəxsiyyətlərdən olan ulu öndər Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin qovuşuğunda Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq üçüncü minilliyə inamla qədəm qoyub. Ümummilli lider Heydər Əliyevin zəkası bütün maneələri aşaraq və qarşıya çıxan çətinliklərə baxmayaraq, Azərbaycanı tənəzzüldən, hərc-mərclikdən, vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsindən uğurla çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırıb. Əbədiyaşar liderimiz Heydər Əliyev olduqca mürəkkəb bir dövrdə xalqın xidmətində dayandığını nümayiş etdirməklə yanaşı, həm də Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün nizamnaməsi və proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında ölkəmizdə hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiya olan Yeni Azərbaycan Partiyasının banisidir.
Dahi şəxsiyyət Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası hazırda sıralarında 760 mindən çox üzvü birləşdirərək ölkənin avanqard siyasi qüvvəsi kimi respublikamızda YAP-ın sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən nəhəng quruculuq proseslərinin önündə gedir.
x x x
Yeni Azərbaycan Partiyasının nümayəndələri Şəhidlər xiyabanını da ziyarət edərək
ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, onların məzarları üzərinə və “Əbədi məşəl” abidəsinin önünə gül düzüblər.