SİYASƏT


YAP-ın rayon və şəhər təşkilatları sədrlərinin videokonfrans formatında ümumrespublika müşavirəsi keçirilib

Bakı, 18 iyul, AZƏRTAC

İyulun 17-də Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin videokonfrans formatında ümumrespublika müşavirəsi keçirilib.

Bu barədə AZƏRTAC-a Yeni Azərbaycan Partiyasından məlumat verilib.

Müşavirədə çıxış edən Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət, genişmiqyaslı islahatlar nəticəsində ölkəmiz ötən dövr ərzində böyük nailiyyətlər qazanıb.

Hazırda dünyanın koronavirus pandemiyasına qarşı mübarizəyə səfərbər olunduğunu deyən Əli Əhmədov qeyd edib ki, bu istiqamətdə Azərbaycan dövləti və hökuməti sistemli tədbirlər həyata keçirir və bu tədbirlər Prezident İlham Əliyevin birbaşa nəzarətindədir. Onun sözlərinə görə, pandemiya ilə mübarizədə Azərbaycan mühüm beynəlxalq təşəbbüslərlə çıxış edir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Sədri qismində BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü dünya dövlətləri tərəfindən dəstəklənib.

Əli Əhmədov qeyd edib ki, Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin möhkəmlənməsi işğalçı Ermənistanı ciddi narahat edir. Bir neçə gün öncə Tovuz rayonu istiqamətində Ermənistanın hərbi təxribat törətməsinin səbəblərindən biri də budur. YAP Sədrinin müavini Azərbaycan Ordusunun düşmənə layiqli cavab verdiyini diqqətə çatdırıb.

Belə günlərdə Azərbaycan vətəndaşlarının Ali Baş Komandana və ordumuza güclü dəstək nümayiş etdirdiyini deyən Əli Əhmədovun sözlərinə görə, bu amil milli birliyimizin və həmrəyliyimizin parlaq ifadəsidir. Bununla belə, o, bəzi qrupların xalqın dövlətə və orduya dəstək aksiyalarından öz məqsədləri üçün sui-istifadə etməyə, təxribatlar törətməyə çalışdıqlarını söyləyib. YAP Sədrinin müavini Azərbaycan cəmiyyətinin bu cür təxribatçıların əməllərini qəti şəkildə pislədiyini vurğulayıb.

Müşavirədə partiyanın rayon və şəhər təşkilatlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.