CƏMİYYƏT
YAP-ın yaranmasının 25 illik yubileyi münasibətilə silsilə tədbirlər Pirallahıda da uğurla davam etdirilir
Bakı, 23 oktyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25 illik yubileyi münasibətilə silsilə tədbirlər ölkəmizin hər yerində olduğu kimi, Pirallahı rayonunda da uğurla davam etdirilir.
YAP Pirallahı rayon təşkilatından AZƏRTAC-a bildiriblər ki, silsilə tədbirlər çərçivəsində sentyabrın 20-dən başlayaraq, hər həftənin şənbə günlərində rayon ərazisində fəaliyyət göstərən orta məktəblərdə iməcilik, yaşıllaşdırma və ağacəkmə kampaniyaları həyata keçirilir. İməciliklərdə məktəblərin həyətyanı əraziləri alaq otlarından təmizlənir, boş ərazilərdə gül və ağac kolları əkilir, yaşıllıqlarda suvarma işləri aparılır.
Tədbirlərdə ümummilli lider Heydər Əliyevin qurucusu olduğu partiyanın ölkəmizin inkişafında mühüm rolu diqqətə çatdırılır, YAP-ın sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın nəinki ölkəmizin, hətta regionun aparıcı siyasi qüvvəsinə çevrildiyi qeyd olunur. Vurğulanır ki, hazırda dünyanın ən sabit və dinamik inkişaf edən dövlətləri ilə bir sırada yer alan Azərbaycanın qazandığı parlaq uğurlarda xalqımızın milli maraqlarını ifadə edən vahid və avanqard siyasi qüvvəyə çevrilən YAP-ın mühüm rolu olub. Ümummilli liderimiz Heydər Əliyev vaxtilə bu barədə danışarkən deyib: “YAP sınaqlardan çıxmış, böyük və şərəfli yol keçmiş, indi artıq Azərbaycan cəmiyyətində özünəməxsus yer tutmuş bir partiyadır”. Gələcəyə doğru inamla irəliləyən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir. Son illər Azərbaycanın dünya arenasında nüfuzunun xeyli artması digər dövlətlərin ölkəmizə marağını daha da gücləndirib. Respublikamızın dinamik inkişaf tempi dünyanın aparıcı dövlətləri, eləcə də nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də etiraf olunur.