SİYASƏT
YAP milli tərəqqiyə xidmət edən vəzifələrin yerinə yetirilməsinə layiqli töhfələrini verəcək
Bakı, 9 mart, AZƏRTAC
Dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası gücünü ümummilli liderimiz Heydər Əliyevin ideyalarından, xalqın dəstəyindən alaraq böyük inkişaf yolu keçib. 30 ilə yaxın dövr ərzində partiya Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ictimai-siyasi sabitliyinin qorunmasına, beynəlxalq nüfuzunun artmasına misilsiz töhfələr verib. Ciddi tarixi və siyasi əsaslara söykənən nailiyyətlər Yeni Azərbaycan Partiyasını yarandığı gündən ölkəmizin ictimai-siyasi fikir tarixinin ən əlamətdar, ən şərəfli səhifələrində yer almasına səbəb olub.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.
Deputat qeyd edib ki, xalqın böyük etimadını, inamını qazanan partiyanın VII qurultayı Prezident İlham Əliyevin praqmatikliyi və uzaqgörənliyi sayəsində bütün sahələrdə həyata keçirilən sistemli, ardıcıl islahatlar fonunda ölkədə yeni siyasi mühitin milli və siyasi həmrəyliyin formalaşdığının nümayişi oldu.
“Yeni Azərbaycan Partiyası hər qurultayı ilə ölkəmızın ictimai - siyasi həyatına yeniliklər gətirib. Qurultaylarda qəbul edilən tarixi qərarlar ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb. Martın 5-də keçirilən VII qurultay bir daha göstərdi ki, YAP, eyni zamanda, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə birbaşa, fundamental töhfələr verən ümumxalq partiyasıdır”, - deyən N.Həmzəyev qeyd edib ki, qurultayda partiyanın Sədri, Prezident İlham Əliyevin proqram xarakterli çıxışı, 6 siyası partiyanın YAP-a qoşulması, partiyada birinci müavin postunun təsis olunması, İdarə Heyətinin genişləndirilməsi, QHT sektorunda, siyasi-ictimai və mədəni mühitdə formalaşmış yeni adların İdarə Heyətində yer alması, yeni nəsil siyasətçilərin rəhbərliyə gətirilməsi, hakim partiya olaraq YAP-ın özünü dövlət sisteminə uyğunlaşdırması, köhnə və yeni nəsil siyasətçilər arasında balansın qorunması, Veteranlar Şurasının yaradılması partiyanın qarşısında daha məsuliyyətli vəzifələrin dayandığını göstərir.
Deputat bildirib ki, ölkəmizin qarşısında yeni inkişaf üfüqlərinin açılmasında müstəsna rol oynayan partiya əldə etdiyi uğurlarla kifayələnməyəcək. Ümumxalq partiyası olan YAP qarşıdakı dövrdə də sahib olduğu resurslardan, ictimai-siyasi nüfuzundan istifadə edərək müasir və qüdrətli Azərbaycanın gələcəyə naminə milli tərəqqiyə xidmət edən vəzifələrin yerinə yetirilməsinə layiqli töhfələrini verəcək, fəaliyyəti ilə ölkəmizin inkişafına xidmət edəcək.