REGİONLAR
YAP ölkəmizin siyasi həyatına yeni nəfəs verib, qurtuluş və tərəqqinin simvoluna çevrilib
Ağcabədi, 21 noyabr, AZƏRTAC
Xalqın arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası (YAP) ölkəmizin siyasi həyatına yeni nəfəs verib, qurtuluş və tərəqqinin simvoluna çevrilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir YAP-ın yaranmasının 26-cı ildönümü münasibətilə laçınlı məcburi köçkünlərin məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində keçirilən tədbirdə səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin qəsəbədəki büstü önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad edib, dahi rəhbərin adını daşıyan parkda ağac əkiblər.
YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov tədbirdə çıxış edərək, partiyanın keçdiyi şərəfli yoldan, ötən dövr ərzində qazandığı uğurlardan danışıb. Bildirilib ki, dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda ictimai-siyasi gərginlik, vətəndaş qarşıdurması, iqtisadi böhran getdikcə dərinləşir, hakimiyyət uğrunda mübarizə gedirdi. Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qaldığı belə bir dövrdə xalq yeganə xilas yolunu Heydər Əliyev dühasında, Heydər Əliyevin böyük dövlətçilik təcrübəsində görürdü. Xalqın geniş təbəqəsinin istəyini ifadə edən 91 nəfər ziyalı 1992-ci ilin oktyabrında Heydər Əliyevə müraciət etdilər. Ulu Öndər çox keçmədən xalqa dövlətçiliyimiz üçün “Yeni, müstəqil Azərbaycan uğrunda” adlı çox əhəmiyyətli çağırış ünvanladı. Partiyanın təsis konfransı 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirildi və Heydər Əliyev YAP-ın sədri seçildi.
Digər çıxış edənlər Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında YAP-ın mühüm rolu və xidmətlərindən danışıblar. Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi altında ulu öndər Heydər Əliyevin dövlətçilik strategiyasının uğurla reallaşdırıldığı və dövrün tələbləri baxımından inkişaf etdirilərək bütün sahələrdə möhtəşəm nailiyyətlərin əldə olunduğu vurğulanıb.
Tədbirdə rayonun ictimai-siyasi və sosial həyatında fəal iştirak edən YAP fəallarına fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.