SİYASƏT


YAP zamanın sınaqlarından mətinliklə çıxmış siyasi partiyadır

Bakı, 22 noyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyasının yaranmasından 29 il keçir. Respublikamızın hər yerində YAP-ın yaranmasının ildönümü təntənə ilə qeyd olunur, ağacəkmə kampaniyaları və müxtəlif xeyriyyə aksiyaları keçirilir. Zamanın sınaqlarından alnıaçıq, üzüağ çıxmış siyasi təşkilat bu gün də ən güclü siyasi qüvvə olduğunu sübut edir. Demokratik prinsiplərə böyük önəm verilən ölkəmizdə hazırda 50- dən çox siyasi partiyanın fəaliyyətinə hər cür şərait yaradılıb. Ancaq açıq etiraf etmək lazımdır ki, bunların arasında YAP kimi nüfuzlu, xalqın etimad və inamını qazanmış ikinci siyasi təşkilat yoxdur. Bunu son 28 ildə ölkəmizdə keçirilən prezident, parlament və bələdiyyə seçkilərinin nəticələri də təsdiqləyir. YAP həmin seçkilərdə bütün rəqiblərinə böyük üstünlüklə qalib gəlib. Bu, xalqın partiyanın yaradıcısı ulu öndər Heydər Əliyevə və hazırkı sədri, Prezident İlham Əliyevə olan inam və etimadının təsdiqidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Mehman İsmayılov bildirib.

Politoloq YAP-ın Azərbaycanın müstəqilliyini yenicə qazandığı ağır və məşəqqətli bir vaxtda yarandığını qeyd edərək deyib ki, həmin dövrdə ölkədə baş alıb gedən hakimiyyətsizlik mərd oğul və qızlarımızın qanı bahasına qazanılmış müstəqilliyimizi məhvə doğru aparırdı. Ölkədə yaranmış qarşıdurma və Azərbaycanın müstəqilliyini gözü götürməyən xarici qüvvələrin təzyiqi ilə respublikamız dünyanın siyasi xəritəsindən silinmək üzrə idi. Hadisələrin gedişi xalqda belə bir inam formalaşdırmışdı: Azərbaycanı düçar olduğu bu bəladan, “olum, ya ölüm” dilemması qarşısında qalmış və hər cür məhrumiyyətlərdən, əzablardan bezmiş xalqı yalnız ulu öndər Heydər Əliyev xilas edə, müstəqilliyimizi əbədi və ərazi bütövlüyümüzü təmin etmək üçün qəti tədbirlər görə bilər. Belə ağır vəziyyətdə respublikamızın 91 ziyalısı o vaxt Naxçıvan Ali Məclisinin Sədri vəzifəsində çalışan ulu öndər Heydər Əliyevə müraciət etdi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd, əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.

M.İsmayılov Heydər Əliyevin “91-lər”ə cavabını xatırladaraq deyib ki, ömrünün qalan hissəsini xalqına, Vətəninə həsr etməyə hazır olduğunu bildirən Ulu Öndər ziyalıların müraciətinə razılıq verdi və 1992-ci il noyabrın 21-də Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans Naxçıvanda Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Partiyanın ilk addımları Azərbaycanda siyasi sabitliyin bərpasına yönəldilmişdir. Təsadüfi deyil ki, 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi başlanan dövrdə cəmiyyətimizin bütün ümidləri yenə də Heydər Əliyevin dühası ilə bağlı idi. Xalqın tələbi ilə hakimiyyətə gələn Ulu Öndər qısa müddət ərzində vəziyyəti sabitləşdirdi və bu, ölkəmizin inkişaf yoluna qədəm qoymasına əlverişli imkanlar yaratdı.

Demokratik prinsiplərə və ideyalara sadiq qalan YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən siyasi partiyadır.

M.İsmayılov Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasına sədr seçildikdən sonra bu təşkilatın fəaliyyətinin daha da gücləndiyini qeyd edib və bundan sonra gənclərin bu siyasi təşkilata üzvlüyünə axınının başlandığını bildirib. O deyib ki, İkinci Qarabağ müharibəsində bunun bir daha şahidi olduq. Yaşından asılı olmayaraq hər kəs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrinə müraciət edərək könüllü şəkildə düşmənə qarşı vuruşmağa hazır olduğunu bildirirdi. Bu, dövlətimizin başçısına, YAP-ın Sədrinə olan inam və etimadın bariz nümunəsi idi. Məhz bu inam xalqı dövlət başçısının ətrafında yumruq kimi birləşdirdi və Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyuldu. Azərbaycan öz gücü ilə ərazi bütövlüyünü təmin etdi.

Politoloq Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrindən də danışıb. Bildirib ki, YAP həm də beynəlxalq əməkdaşlığa xüsusi önəm verən siyasi təşkilatdır. Prezident İlham Əliyevin bu siyasi təşkilata sədrliyindən sonra partiyanın beynəlxalq aləmdəki əməkdaşlığı geniş vüsət alıb. Yeni Azərbaycan Partiyası Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Kanada, Hindistan, Çin, Cənubi Koreya, Pakistan, Tacikistan və digər ölkələrin aparıcı siyasi partiyaları ilə uzun müddətdən bəri sıx və qarşılıqlı münasibətlərə malikdir, partiyalar arasında intensiv görüşlər keçirilir, fikir və təcrübə mübadilələri aparılır. Partiyamız 50-dən çox ölkənin təmsil olunduğu Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) Daimi Komitəsinin üzvüdür. YAP bu kimi nüfuzlu beynəlxalq qurumda təmsil olunmaqla Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm tribuna əldə edib.

YAP-ın Avro-Atlantik məkanda baş verən siyasi proseslərə təsir imkanlarının genişləndiyini və müxtəlif beynəlxalq qurumlarla inteqrasiya tendensiyalarının dərinləşdiyini diqqətə çatdıran M.İsmayılov Almaniyanın, Fransanın, İtaliyanın, İspaniyanın və digər ölkələrin hakimiyyətdə olan sağ partiyalarını özündə birləşdirən və Avropa Parlamentində çoxluğa sahib olan Avropa Xalqları Partiyası (EPP) ilə münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu da diqqətə çatdırıb. O, 2007-ci və 2008-ci illərdə YAP-ın təşkilatçılığı ilə Bakıda “Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu” və “Demokratiya və sabitlik naminə: əməkdaşlığın yeni imkanları” mövzusunda konfransların keçirildiyini xatırladaraq həmin tədbirlərdə dünyanın 60 ölkəsinin, o cümlədən ABŞ, Çin, Rusiya Federasiyası, Türkiyə, Yaponiya, Hindistan, Fransa, Koreya, Ukrayna, İranın hakim partiyalarının və parlament nümayəndələrinin iştirak etdiyini xatırladıb. Belə tədbirlərin partiyanın beynəlxalq əlaqələrinin geniş coğrafiyasına və intensiv xarakterinə əyani misal olduğunu bildirib.

M.İsmayılov YAP-ın siyasi mövqeyindən asılı olmayaraq, digər siyasi təşkilatlarla əməkdaşlığa daim açıq olduğunu və partiyalararası siyasi dialoqu stimullaşdırdığını vurğulayıb. Bildirib ki, siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir. Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdir. Ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi partiyaların təşəbbüsü ilə zənginləşdirilməlidir. YAP-ın təşəbbüsləri ölkəmizin siyasi sisteminin daha da təkmilləşməsi üçün böyük əhəmiyyətə malikdir. YAP-ın bütün fəaliyyəti bu günün, sabahın və gələcəyin partiyası olduğunu bir daha təsdiqləyir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.