MƏDƏNİYYƏT
YARAT Müasir İncəsənət Məkanı Böyük Britaniyadan olan rəssamın sərgisini təqdim edir
Bakı, 8 iyul, AZƏRTAC
İyulun 9-da YARAT Müasir İncəsənət Məkanı Azərbaycanda art-rezidensiyada olan qarışıq texnika üsulunda yaradan britaniyalı rəssam TERRIBLEm86-nın (Den Merrabl) sərgisini təqdim edəcək.
YARAT Müasir İncəsənət Məkanından AZƏRTAC-a bildirilib ki, rəssam istifadəyə yararsız olan ağac materiallara yeni həyat verməyə çalışır. Onun art-rezidensiyası 2015-ci ilin aprel ayından başlayıb və bu müddət tezliklə "Sovetskaya" küçəsindən olan taxta blokların istifadəsi ilə quraşdırılmış çox emosional incəsənət əsərləri silsiləsindən ibarət fərdi sərgi ilə başa çatacaq.
Rəssam bu barədə deyib: "Mən fevral ayında Şotlandiyadan Bakıya gəldiyim gündən bəri bu şəhərin inkişafının və həyata keçirilən tikinti işlərinin sürətinə heyran qalmışam. Bu inkişafın əvvəllər "Sovetskaya" küçəsi adlanan əraziyə təsiri mənim üçün xüsusi əhəmiyyət kəsb edir. Ərazidə gedən şəhərsalma işləri bu an da davam etməkdədir və mənim fikrimcə, bu küçə şəhərin daima dəyişən ən qədim ərazilərindən biri olduğu üçün diqqətəlayiqdir.
Yaratdığım əsərlər "Sovetskaya"nın hazırkı vəziyyətinin birbaşa vizual surətidir. Əsərlərdə istifadə olunan əsas maddələr yenidənqurma işləri aparılan yaşayış binalarının ətrafından toplanmış lazımsız taxta, divar kağızı, kafel və digər materiallardır. Layihənin əsasında "gözəllik hər şeyə rəğmən hər yerdə qalmaqdadır" ideyası durur. "Sovetskaya"dan götürülmüş hər bir element nə vaxtsa hər hansı bir şəxsin həyatının bir parçası olduğu üçün, onlara çox böyük hörmət göstərilir. İndi onların üzərinə geridə qalmış bütün materialları təmsil etmək məsuliyyəti düşür. Materiallar tikinti, memarlıq, inkişaf və tarixi əks etdirmək üçün akril boyalarla rənglənir.
Layihə mənim son üç ay ərzində müşahidə etdiklərimin vizual əksidir. O, tikinti və dekorasiya üçün istifadə olunan materiallara hörmətimi ifadə edir. Məqsədim yerli əhali arasında Bakının inkişafı və yenidənqurma işləri barədə açıq söhbətlərə təkan verməkdir".
TERRIBLEm86 və ya qısaca TM86 təxəllüsü ilə tanınan Deniel Merrabl Qlazqo şəhərində yaşayan rəssamdır. O, qarışıq texnika və instalyasiya sənəti üzrə ixtisaslaşıb. 2008-ci ildə Torontonun York Universitetini qrafika dizaynı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Rəssam Toronto, Vankuver, Cefriz Bey (Cənubi Afrika Respublikası), London, Qlazqo və Bakı kimi şəhərlərdə yaradıcılıqla məşğul olub.
TERRIBLEm86 tullanmış, gərəksiz olmuş müxtəlif obyektlərə yeni məna verməyi qarşısında duran məqsəd kimi görür. Belə obyektlər ömür boyu insanlara xidmət edib kölgədə qalır, onlara sənət əsəri gözü ilə baxılmır. Lakin belə obyektlərin köhnəlmiş hissələri və qüsurları elə təsirli assosiasiyalar oyadır ki, qüsurlar dönüb həmin obyektin müsbət özəlliyi olurlar. Tullanmış əşyalarda onların keçmiş həyatından xəbər verən cəhətləri seçib "qlamurlaşdırmaq" ideyası sənətkarı sanki rəngkarlıq kətanı qarşısına gətirir. Bədii proses artıq zibil hesab olunaraq tullanmış obyektə təkcə yeni həyat vermir, onun unudulmuş tarixini və daşıdığı xatirələri qoruyub saxlayır.
Ötən il TERRIBLEm86 öz əsərlərini Edinburqun nüfuzlu Krallıq Şotlandiya Akademiyasında, Qlazqonun İncəsənət Məktəbində, Edinburqda Şotlandiya Rəssamlar Akademiyasının illik sərgisində, habelə Dəniz Fənərində nümayiş etdirib. Rəssam Edinburqda yerləşən Şotlandiya Rəssamlar Akademiyasının, eləcə də Qlazqoda yerləşən Təsviri Sənət Ustaları Qrupunun (Visual Artists Group – VAU) üzvüdür.
Sərgi Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi 1061 ünvanında yerləşən YARAT qeyri-kommersiya təşkilatının rəssam emalatxanalarında təqdim ediləcək.