MƏDƏNİYYƏT
YARAT Müasir İncəsənət Məkanı “Su kimi ol” rəqs-tamaşa təqdim edəcək
Bakı, 10 sentyabr, AZƏRTAC
Sentyabrın 22-23-də YATAR Müasir İncəsənət Məkanında “Su kimi ol” (Be Like Water) adlı rəqs-tamaşa nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, Norveçin “Kari Hoas Productions” qrupunun repertuarında təqdim olunacaq müasir rəqs-tamaşanın xronometrajı 60 dəqiqədir. Tamaşada xoreoqrafiya, konsepsiya və quruluş Kari Hoasa, prodüser işi isə Annika Ostvalda məxsusdur. Rəqs-tamaşada Ottavio Ferrante, Tais Hvidt, Asne Storli, Gerd Kaisa Vorren və Yonas Örkner iştirak edəcək. Xoreoqraf Kari Hoas, beş fərqli rəqqasın çıxış etdiyi yeni səhnə əsərində xoreoqrafik strukturların “emosional riyaziyyatı” kontekstində ekstremal və təbii cismaniliyin araşdırılması missiyasını davam etdirir. İqlim dəyişikliklərinin təsirindən törəyən Apokalipsis vahiməsinin fonunda ərsəyə gətirdiyi bu tamaşada, o, bütün canlılar üçün həyati əhəmiyyətli element olan Su ünsürünü araşdırmaq məqsədilə, poetik və impressionist təmayülləri seçib.
Qeyd edək ki, hər kəsin iştirak edə biləcəyi tamaşa Norveç Xarici İşlər Nazirliyi, bu ölkənin Azərbaycandakı səfirliyi, Norveç Təsviri İncəsənət Mərkəzi və Milli İncəsənət Şurasının təşkilatçılığı ilə baş tutacaq.