REGİONLAR
“YARAT” Müasir İncəsənət Məkanı daimi kolleksiyasında olan əsərləri Qusarda nümayiş etdirir VİDEO
Qusar, 14 aprel, Elxan Yusifli, AZƏRTAC
Aprelin 14-də Qusar Dövlət Rəsm Qalereyasında “YARAT” Müasir İncəsənət Mərkəzinin təşkil etdiyi sərginin açılışı olub.
AZƏRTAC xəbər verir ki, sərgidə fotoqrafiya və rəngkarlıq sahələrində çalışan yerli və regionun müasir rəssamlarının əsərləri nümayiş etdirilir. Ekspozisiyaya daxil olan əsərlər “YARAT”ın daimi kolleksiyasına aiddir.
Açılış mərasimində Qusar Rayon İcra Hakimiyyətinin başçısının müavini Elman Mustafayev çıxış edərək sərginin təşkilatçılarına minnətdarlığını bildirib. Bölgələrdə belə mədəni tədbirlərin təşkilinin insanların estetik zövqünün formalaşmasında mühüm əhəmiyyətə malik olduğu vurğulanıb.
“YARAT” Müasir İncəsənət Məkanının direktoru və bədii rəhbəri Bjorn Geldhof çıxışında Aida Mahmudova tərəfindən təsis edilmiş təşkilatın Azərbaycanda müasir incəsənətin inkişafı və onun ictimaiyyət tərəfindən dərk olunması sahəsində fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bununla yanaşı, ölkə daxilində və beynəlxalq səviyyədə Azərbaycan incəsənətinin təmsil olunması da qarşıya qoyulan əsas vəzifələrdəndir. Adı “yaratmaq” sözündən götürülən “YARAT” təşkilatının əsas fəaliyyətlərini sərgi proqramları, təhsil tədbirləri və festivallar təşkil edir.
Bundan əvvəl Azərbaycanın 3 regionunda eyni adlı sərginin təşkil edildiyini bildirən Bjorn Geldhof sərginin təşkilinə göstərilən dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə və Qusar Dövlət Rəsm Qalereyasına minnətdarlıq edib.
Sərginin kuratoru Fərəh Ələkbərli qeyd edib ki, “Zamanın izləri” adlı sərginin əsas məqsədi regionda yaşayan əhalinin, xüsusilə də gənclərin müasir incəsənətə olan marağını artırmaq, mümkün qədər çox insanı müasir incəsənətlə məşğul olmağa cəlb etməkdir. Sərgidə azərbaycanlı, türk, gürcü və rus rəssamlarının video, foto və digər əsərlərindən ibarət kolleksiya nümayiş etdirilir. Kolleksiyada gündəlik həyatda rastlaşdığımız ən adi hadisələr öz əksini tapıb. Həmçinin sərgi müxtəlif təsviri sənət sahələrində çalışan yerli və xarici müasir rəssamların ətrafında baş verənləri daim müşahidə etmək üçün yeni üslublar təklif edir.
Çıxışlardan sonra iştirakçılar 10 müəllifə məxsus 15 əsərin nümayiş etdirildiyi sərgi ilə tanış olublar.
Sərgidə Azərbaycanın tanınmış gənc fotoqrafları Sənan Ələsgərovun “Sadəliyin şəffaflığı”, İlkin Hüseynovun “Rəngləri xatırlayaraq” fotosilsilələri, Sitara İbrahimovanın “Oğlan yaxşı, qız belə” foto və video layihəsi, gənc rəssamlar Fərid Rəsulovun “Memarlıq dixatomiyası” silsiləsinə aid bir əsəri, Ramal Kazımın əlli rəsmdən ibarət “Adsız” kollajı, Orxan Hüseynovun “Sovetsk atelyesi” videosu, Rəşad Babayevin qarışıq texnika ilə hazırlanmış “Poetik heykəl” adlı heykəli təqdim olunur. Bununla yanaşı, sənətsevərlər rusiyalı Olqa Çernışovanın “Ekranlar” adlı video əsərlər silsiləsi, Vyanada yaşayıb-yaradan türkiyəli Nilbar Güreşin “Qapısı açıq telefon köşkü” və Berlində yaşayan türkiyəli Nevin Aladağın “Beş daş oyunu” fotosilsilələri ilə də tanış olmaq imkanı qazanıblar.
İyulun 10-dək davam edəcək sərgiyə giriş sərbəstdir.