MƏDƏNİYYƏT
“YARAT” Müasir İncəsənət Məkanı özünüinkişafla bağlı yeni təlimlərə başlayır
Bakı, 7 mart, AZƏRTAC
Bakıda 10 məşhur lektor və bestseller müəllifi özünüinkişafla bağlı ödənişsiz təlimlər keçəcək. “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə reallaşacaq təlimlər dekabra kimi davam edəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri ADA Universitetində təlimlərə həsr edilmiş mətbuat konfransında “YARAT” Müasir İncəsənət Məkanının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Hökümə Kərimova deyib. Bildirib ki, təlimlərin əsas mövzusunu “İnsan: özünü dərk et” adlı proqram təşkil edir. Bu proqram şirkət rəhbərləri, habelə tələbə və müəllimlər, yaradıcı şəxslər, yaşından və təhsilindən asılı olmayaraq, hamıya çağdaş insan üçün vacib bacarıqlara yiyələnmək üçün praktik biliklər verməyə kömək edə bilər. Layihənin rəhbəri Arstarulsmirus Tarus qeyd edib ki, proqramın mövzusu çoxşaxəli özünüinkişafla bağlı dörd əsas kateqoriyanı ehtiva edir. Buraya “Mən indi və burada: zehni bacarıqlar”, “Mənim gələcəkdə olmaq istədiyim obraz və bu istiqamətdə etdiyim cəhdlər: planlamaq və arzulara çatmaq bacarıqları”, “Əmin-amanlıq və xoşbəxtlik: bunlara elmi baxış” və “Ətrafla qarşılıqlı münasibət: empati, minnətdarlıq və bağışlama bacarıqları” mövzuları daxildir.
Məlumat verilib ki, təlimlərə dünyanın müxtəlif ölkələrindən fərdi inkişaf sahəsində qabaqcıl mütəxəssis və bestseller müəllifləri dəvət olunublar. Mart ayından etibarən başlanacaq təlimlərdə ABŞ, Almaniya, Rusiya, Belarus, İsveç və İrlandiyadan olan 10 müəllim və alim iştirak edəcək. Məşğələlərdə insanın daxili dünyasının xüsusiyyətləri, onun vərdişləri və meyilləri, beynin neyroplastikliyi və psixoemosional vəziyyətlərin idarə olunma metodlarına baxılacaq.
Təlimçilərin gəlmə imkanlarını nəzərə alaraq proqram ardıcıl olaraq davamlı keçirilməyəcək.
Təlim proqramı giriş dərsləri, ümumi, tanışlıq məlumatı olmaqla iki saat keçiriləcək.
Proqramı məşhur Amerika professoru və müəllimi Barbara Oukli açacaq və ilk tədbiri o aparacaq. O, özünün məşhur “Öyrənməyi necə öyrənməliyik” kursunu keçəcək. Layihənin giriş mühazirəsi martın 7-də, təlimlər isə martın 8-də və 9-da başlayacaq.
Mühazirələr və təlimlər üçün qeydiyyatdan layihənin www.insan.de saytından keçmək olar.