MƏDƏNİYYƏT


“YARAT” Müasir İncəsənət Məkanının “Təcavüz. Muzey 2014” layihəsinin yekun sərgilər silsiləsinə başlanılıb

Bakı, 19 oktyabr, AZƏRTAC

“YARAT” Müasir İncəsənət Məkanının “Təcavüz. Muzey 2014” layihəsinin yekun sərgilər silsiləsinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, yekun sərgilər silsiləsinin açılış mərasimi Azərbaycan Milli İncəsənət Muzeyində keçirilib.

Mərasimdə çıxış edən “YARAT” Müasir İncəsənət Məkanının təsisçisi Aida Mahmudova təşkilatın fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, üç il əvvəl hələ “YARAT” qeyri-kommersiya təşkilatı yaradılan vaxt biz onun fəaliyyətinin üç ildən sonra necə olacağını, bizi irəlidə nə gözlədiyini təsəvvürümüzə belə gətirə bilmirdik. Bu gün isə üç intensiv və maraqlı ildən sonra mən burada peşəkar komandamla, gözəl qonaqlarla, istedadlı rəssamlarla birgə durmuşam. Bu gün biz “YARAT” qeyri-kommersiya təşkilatının yaradılmasının üç illiyini qeyd edirik və 31 gənc rəssamın sərgisini açırıq. Bu yol çox da asan olmayıb, lakin hər birimiz üçün çox-çox maraqlı olub. Bugünkü sərgi ARTIM proqramı sayəsində reallaşıb. ARTIM proqramı çox mühüm missiya daşıyır. O, gənc rəssamların inkişafını dəstəkləyir. Biz il ərzində intensiv təhsil layihələri, hər il yeni gənc rəssamlarla tanışlıq imkanı yaradan “açıq qapı” günləri təşkil edirik. Biz, həmçinin getdikcə daha çox gənc istedadları cəlb etməyə, dəstəkləməyə və onların inkişafına çalışırıq. Bugünkü sərgi layihədə iştirak edən rəssamların 6 aylıq araşdırmalarının nəticəsidir. Onlardan hər biri müəyyən mövzu seçərək onu dərindən öyrənib və vizual formada izah edib. Ümid edirəm ki, sərgidə gördükləriniz xoşunuza gələcək.

Aida Mahmudova deyib ki, bizi gələcəkdə çoxlu maraqlı layihələr, açılışlar gözləyir. Biz “YARAT” Müasir İncəsənət Mərkəzini açacaq, tədris sektorunu genişləndirəcək, həmçinin bir yerdə yeni gənc istedadları kəşf edəcəyik.

“YARAT” Müasir İncəsənət Məkanının təsisçisi sözügedən layihənin reallaşmasında və sərginin ərsəyə gəlməsində əməyi olan hər kəsə dərin təşəkkürünü bildirib.

Daha sonra sərginin kuratoru, Əməkdar Rəssam Səbinə Şıxlinskaya sərgi haqqında məlumat verib və tədbirin Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə eyni vaxta təsadüf etməsini diqqətə çatdıraraq iştirakçıları təbrik edib.

Bildirilib ki, noyabrın 30-dək davam edəcək sərgilər silsiləsi Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Xalça Muzeyində, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda keçiriləcək.

Bu layihə son bir neçə ildə gənc rəssamlar nəslinə dəstək olan ARTIM inkişaf proqramı çərçivəsində karyera yüksəlişinə imkan yaratmaq məqsədilə yaradılıb. Mövzusu Azərbaycanın zəngin maddi-mənəvi, mədəni-tarixi irsinin müasir rəssamlar tərəfindən təsvirindən ibarətdir.

Layihədə Natəvan Əliyeva, Mehriban Şəmsəddinskaya, Vüsalə Ağarzayeva, İlahə Xalıqova, Aysel Nağıyeva, Rüfət Əliyev, Veronika İsayeva, Orxan Qarayev, Nadir Babayev, Ayna Musayeva, Zöhrab Salamzadə, Fərhad Haqverdi, Nigar Alışova, Çinarə Məcidova, Fatimə Hacıyeva, Rəhim Çopurov, Nəzrin Musayeva, Nigar Məmmədli, Həbib Saher, Aytən Abdullayeva, Arif Əmirov, Səbinə Abbasova, Elvin Adıgözəl, Nadir Eminov, Elvin Nəbizadə, Ayxan Xəlilov, Ruhulla Həsənzadə, Pərvanə Persiani, Hüseyn Həsənov, Nərmin İsrafilova və Fidan Hacıyeva iştirak edirlər.

“Təcavüz. Muzey 2014” layihəsinin iştirakçıları altı ay ərzində Bakı, Abşeron, Şəki, Gəncə, Lahıc və Basqala aid ən əhəmiyyətli muzeylər, arxiv və kolleksiyalar ilə tanış ediliblər. Azərbaycan tarixinin və incəsənətinin müasir görünüşünü özündə əks etdirən müxtəlif sənət əşyaları bu araşdırmaların nəticəsi olub. İştirakçılar rəssamlıq, heykəltəraşlıq, installyasiya, video-art və performans kimi müxtəlif janrlara və istiqamətlərə müraciət ediblər.

Tədbir çərçivəsində “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda Nərmin İsrafilovanın “Səsin yaranması” performansı təqdim edilib. Azərbaycan Xalça Muzeyində isə “muzeydə gecə” və rəssamlar ilə görüş keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.