MƏDƏNİYYƏT
“YARAT” Müasir İncəsənət Təşkilatı “Behance” ilə birgə Bakıda yaradıcı insanların Portfoliolarına Baxış Günü keçirib
Bakıda “YARAT” Müasir İncəsənət Təşkilatı yaradıcı işlərin onlayn nümayiş etdirilməsi və axtarışı üzrə qabaqcıl internet platforması “Behance” ilə birgə yaradıcı şəxslərin Portfoliolarına Baxış Günü keçirib.
“Behance” – internet saytları və onlayn xidmətlər şəbəkəsidir, yaradıcı şəxslərin özlərini tanıtdırmaq ehtiyacları sahəsində ixtisaslaşır, o cümlədən məsləhətçi köməyi və onlayn portfolio saytlarını idarə edir. “Behance” yaradıcı şəxslərə fəaliyyətləri barədə internet məlumatlarını vahid məkanda yeniləməyə, bununla da dünya miqyasında daha səmərəli yaymağa imkan verir.
“Behance” əsərlərin müxtəlif onlayn qalereyalarda təqdiminə, əsərin internetdə daha çox baxılmasına kömək göstərməklə, milyonlarla ziyarətçinin diqqətini incəsənətə cəlb etməklə yaradıcı istedadlar qarşısında açılan imkanları genişləndirir.
“Behance”də qeydiyyatdan keçən istifadəçilər yeni əsəri necə yaratdıqlarını əvvəldən axıra kimi bu platformada nümayiş etdirə bilir, onlayn etimad xalları toplayır, karyera imkanlarını öyrənir, həmkarları və rəhbər-təşkilatçılarla əlaqə qururlar.
“Behance” ildə iki dəfə Portfoliolara Baxış Həftəsi (PRW – Portfolio Review Week) keçirir. Yaradıcılıqla məşğul olan adamların bir yerə toplaşması üçün könüllülər tərəfindən hazırlanan bu tədbirlər silsiləsi artıq dünyanın yüzlərcə şəhərində təşkil olunur.
2012-ci ildə təşkil olunan birinci Portfoliolara Baxış Həftəsindən sonra, dünyanın səksən ölkəsində yerli icma rəhbərləri tərəfindən 1000-dən artıq belə tədbir keçirilib.
“YARAT” Müasir İncəsənət Təşkilatı təsis olunduğu vaxtdan etibarən belə təşəbbüsləri dəstəkləyib və Portfoliolara Baxış Günü keçirmək məqsədilə bu il “Behance” ilə tərəfdaşlıq münasibətləri qurub. Tədbir zamanı Azərbaycandan Liza Həsənova, Ramil Əliyev, Cavid Quliyev, Məcid Əliyev, Samir Salahov, Sübhan Manafzadə, Urfan Məmmədov, Kənan Nəsibov, Aygün Həsənova, Emin Əzizbəyli və Çingiz İsmayılov yaradıcı portfolioları təqdim ediblər.
Xose Vinsent (memar), Mirazər Abdullayev (“AA&M advertising”in yaradıcı direktoru), İlqar Tahiri (dizayner) və Ceyhun İmanovdan (“Jeykhun Imanov Studio” reklam agentliyinin təsisçisi) ibarət münsiflər heyəti portfoliolara baxışın qaliblərini müəyyənləşdirərək təltif edib.