MƏDƏNİYYƏT
“YARAT”da növbəti tədbir yapon işıqlandırma dizaynına həsr ediləcək
Bakı, 16 oktyabr, AZƏRTAC
Oktyabrın 20-də “YARAT” Müasir İncəsənət Mərkəzində Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə məşhur yapon işıqlandırma dizayneri Daisuke Yanonun iştirakı ilə seminarlar təşkil ediləcək.
AZƏRTAC xəbər verir ki, seminarlar çərçivəsində “Yapon işıqlandırma dizaynı haqqında”, “Yapon düşüncəsində işıq” və “Yapon kağızı (vasi) və işıq” mövzularında məruzələr dinləniləcək.
Tədbirin ilk hissəsi işıq və işığın yapon qavrayışına həsr ediləcək. İşıq və işıqlandırma haqqında təqdimat hissəsi ənənəvi yapon kağızı (vasi) və şamlar vasitəsilə işığın qurulması təlimi ilə davam edəcək. İştirakçılar şam işığının zərif hərəkətini və onu necə anbaan dəyişdiyini izləməklə yanaşı, yapon kağızının fənər formasında qatlanıb işığın onun içərisindən necə ötürülməsi və titrəməsini görə biləcəklər. Bu təlimdə Daisuke Yano iştirakçılara işığın hərəkətini, titrəməsini onu əsas gözəllik ünsürü olduğunu göstərməyə çalışacaq.