MƏDƏNİYYƏT
“YARAT”ın ARTIM layihə məkanında ustad dərsləri keçiriləcək
Bakı, 15 noyabr, AZƏRTAC
“YARAT” Müasir İncəsənət Mərkəzinin ARTIM layihə məkanında yerli memarlar üçün Portuqaliyanın tanınmış memarı Pedro Migel Qomes Xanuarionun rəhbərliyi ilə “Kağız və parametrik modelləşdirmə” mövzusunda ustad dərsləri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, beş gün davam edəcək ustad dərsləri, Yaponiyanın qədim oriqami (kağız qatlama) sənətindən istifadə etməklə, parametrik layihələndirmə (modelləşdirmə) üzrə rəqəmsal alətlərin köməyi ilə “qrafik düşüncənin” dəstəklənməsi ilə bağlı yeni konsepsiyanın bir hissəsidir.
Ustad dərslərində iştirak etmək istəyənlər ingilis dilini bilməli (minimum B1 səviyyəsi), kompüterlə modelləşdirmə (CAD) proqramları ilə iş təcrübəsinə, ümumi həndəsi və riyazi biliklərə sahib olmalıdırlar. İştirakçılar müraciət tarixi noyabrın 25-də yekunlaşan layihəyə qatılmaq üçün sənədlərini [email protected] elektron ünvanına göndərə bilərlər.