MƏDƏNİYYƏT
“YARAT”ın növbəti layihəsində özünüzü kəşf edəcəksiniz
Bakı, 2 iyul, AZƏRTAC
“YARAT” Müasir İncəsənət Mərkəzi “Əmək, istirahət və xəyallar: 1960-1980-ci illər Azərbaycan ustadlarının gözləri ilə” adlı sərgi çərçivəsində böyüklər üçün “Özünü kəşf et” adlı ustad dərslərinə start verir.
“YARAT”dan AZƏRTAC-a bildirilib ki, “Özünü kəşf et”– yaradıcılıq ab-havası ilə dolu, yeni rəngarəng layihədir. Ustad dərsləri zamanı iştirakçılar gündəlik həyat işlərini kənara qoyub, özlərini tamamilə yaradıcılığa həsr edə biləcək. İştirak edən hər kəs, peşəkar ustadlar tərəfindən müxtəlif bədii texnikalar və üslublarla tanış olub, kətan üzərində fırça və boya ilə öz əsərlərini yaradacaqlar.
“Özünü kəşf et” – tamamilə yeni bir əyləncə növüdür, dost və ailə mühitində yaradıcılıq vasitəsi ilə hisslərini bölüşmək istəyənlər üçün ideal bir fürsətdir. Ustad dərslər hər çərşənbə saat 19:00-21:00-da keçiriləcək. Dərslər zamanı iştirakçılar bütün ləvazimatlarla təmin olunacaq.