İQTİSADİYYAT
YARIMİLLİK PROQNOZ ARTIQLAMASI İLƏ YERİNƏ YETİRİLMİŞDİR
Rabitə Nazirliyinin bütün müəssisələri bu ilin altı ayında proqnoz tapşırıqlarını vaxtından əvvəl və artıqlaması ilə yerinə yetirmişdir. Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, tarif gəlirləri 200,8 milyard manat, əhaliyə göstərilən rabitə xidmətlərindən gələn gəlirlər isə 106,5 milyard manat olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə tarif gəliri 2,4 milyard manat, o cümlədən əhaliyə göstərilən rabitə xidmətlərinin həcmi 3,6 milyard manat çox olmuşdur.Rabitəçilər ödəmələr üzrə proqnozu da artımla yerinə yetirmişlər. Nazirlik üzrə dövlət büdcəsinə vergilər formasında 49,8 milyard manat vəsait ödənilmişdir ki, bu da nəzərdə tutulduğundan 8,8 milyard manat çoxdur. Dövlət Sosial Müdafiə Fonduna isə 10,7 milyard manat - proqnozlaşdırıldığından 2,5 milyard manat artıq vəsait köçürülmüşdür. İlin altı ayı ərzində, həmçinin 44 min 590 nömrə tutumlu olan yeni ATS-lər istifadəyə verilmiş və respublika üzrə elektron ATS-lərin xüsusi çəkisi 44,6 faizə çatdırılmışdır.