İDMAN
YARIŞLARIN TƏQVİMİ MÜZAKİRƏ EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, AFFA-da futbol üzrə XV ölkə çempionatının və kubok uğrunda yarışların təqvimi müzakirə edilmişdir. İclasda çempionatın güclülər dəstəsində çıxış edəcək 14 komandadan 10-nun məşqçisi iştirak etmişdir. Hazırlanan təqvimə əsasən, XV ölkə futbol çempionatına avqustun 5-də start veriləcəkdir. 13 turdan ibarət I dövrəyə dekabrın 12-də yekun vurulacaqdır. Çempionatın II dövrəsinin oyunları isə gələn il fevralın 11-dən mayın 23-dək keçiriləcəkdir.
Ölkə futbol kuboku uğrunda yarışlar sentyabrın 12-də başlanacaqdır. Kubokun sahibi 2007-ci il mayın 28-də məlum olacaqdır. İclasda qərara alınmışdır ki, futbol klubları yarışlarda iştirakı və öz stadionlarının vəziyyəti barədə məlumatları avqustun 1-dək AFFA-ya təqdim etsinlər.
Komandalar arasında püşkatma iyulun ortalarında keçiriləcəkdir.