MƏDƏNİYYƏT
“YAŞAMAQ İSTƏYİRƏM” KİTABININ TƏQDİMAT MƏRASİMİ OLMUŞDUR
Filologiya elmləri namizədi, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri Cahangir Məmmədli təkcə təqdim olunan kitabın məziyyətlərindən deyil, həm də Qulu Xəlillinin Azərbaycan ədəbi tənqidindəki ximətlərindən danışmışdır. Bildirmişdir ki, 30-a yaxın kitabın müəllifi mərhum alim və yazıçı ömrünün sonunadək Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin professoru vəzifəsində çalışmışdır. Onun “Vaqif” pyesi və tarixi dram janrı”, “Sənət və sənətkar” “Azərbaycan romanının inkişaf tarixindən” və digər monoqrafiyaları bu gün də öz əhəmiyyətini itirməyən tədqiqat əsərlərindəndir.
Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin dekanı Yalçın Əlizadə, mərhumun qızı Rəna Xəlilli və başqaları mərasimdə Qulu Xəlillinin şəxsiyyət kimi dözümlülüyündən, mərdliyindən, obyektivliyindən, “Yaşamaq istəyirəm” sənədli-avtobioqrafik povestindəki Azər Savalan obrazından ətraflı söz açmışlar.