CƏMİYYƏT


“YAŞAT” Fondu səhhətində ciddi problemlər olan şəhid övladını Türkiyəyə göndərib

Bakı, 29 iyul, AZƏRTAC

Vətən müharibəsi şəhidi Seymur Ələsgərovun 3 yaşlı övladı Eldarın səhhətində yaranan problemlərlə bağlı Neyrocərrahiyyə İnstitutunda müalicəyə başlanılıb. Daha sonra vəziyyətinin ağırlaşdığı bildirilib və ixtisaslaşmış özəl tibb müəssisəsinə yerləşdirilməsi ilə bağlı “YAŞAT” Fonduna müraciət daxil olub.

Fond tərəfindən dərhal reaksiya verilərək elə həmin gün Eldar “Baku Medical Plaza”ya köçürülüb. İnfeksiyalı meningit diaqnozu ilə 2022-ci il mayın 5-də əməliyyat olunub. İyunun 15-dək həmin klinikada stasionar müalicəsi davam edib. Həkimlərin rəyinə əsasən iyunun 15-dən stasionar müalicə başa çatıb və fizioterapiya ilə bağlı ambulator müalicəsi davam edib.

İyulun 26-da Eldarın ailə üzvləri tərəfindən vəziyyətinin pisləşməsi ilə bağlı məlumat daxil olub və “YAŞAT” Fondu yenidən məsələni nəzarətə götürüb. Mütəxəssislər tərəfindən iyulun 28-də verilən rəyə əsasən şəhidimizin övladının müalicəsinin ölkədə davam etdirilməsinin mümkün olmadığı, vəziyyətinin kritik olduğu bildirilib və müalicənin davamının Türkiyə Respublikasında aparılması tövsiyə olunub.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, vəziyyətin ciddiyyəti nəzərə alınaraq elə həmin gecə Eldar Ələsgərov onun üçün xüsusi ayrılan ambulans təyyarə ilə “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib. Müalicə prosesi Eldar tam sağlamlığına qovuşanadək Fondun nəzarəti altında həyata keçiriləcək və yaranacaq bütün xərclər bundan sonra da Fond tərəfindən qarşılanacaq.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.