CƏMİYYƏT
“YAŞAT” düşərgəsinin üçüncü həftəsi başa çatıb
Bakı, 1 avqust, AZƏRTAC
“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhidlərimizin övladları üçün həyata keçirilən ikinci “YAŞAT” düşərgəsinin üçüncü həftəsi başa çatıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, düşərgənin sonuncu günü də uşaqlar günə səhər idmanı ilə başlayıblar.
Ardınca “Gənc Psixoloqlar Birliyi”nin peşəkar psixoloqları tərəfindən psixoloji analiz və test keçirilməsi məqsədilə uşaqlarla komanda oyunu keçirilib.
Hovuz saatından sonra peşəkar rəqqas Oruc Rəhimli tərəfindən təşkil olunan ustad dərsində əyləncəli vaxt keçiriblər.
“YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü, Milli Məclisin deputatı Anar İsgəndərli, “Paşa Bank”ın nümayəndəsi Fərhad Mansurovun da iştirak etdiyi bağlanış mərasimi keçirilib, uşaqlara sertifikat və hədiyyələr təqdim olunub.
Düşərgənin media dəstəkçiləri Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV) və ASAN Radio, düşərgənin baş sponsorları “Qalaaltı Hotel & Spa ”, “PMD Hospitality”, sponsorlar: “PAŞA Bank”, “NAR Mobile”, “Rabitə Bank”, “Bravo” Marketlər Şəbəkəsi, dəstəkçilər “Paşa Həyat Sığorta”, “AFRA”, “Happy Day Cake”, “Baku Bus”, “EGOV”, “İnnovasiyalar Mərkəzi”, "Gənc Psixoloqlar Birliyi”dir.