SİYASƏT
“YAS MƏRASİMLƏRİNDƏKİ XOŞAGƏLMƏZ HALLARI NECƏ İSLAH ETMƏLİ?” MÖVZUSUNDA “DƏYİMİ MASA” KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, MQHTF-nin sədri Azay Quliyev “dəyirmi masa”nı giriş sözü ilə açaraq, Azərbaycanda vicdan azadlığının təmin edilməsi üçün dövlətimizin gördüyü işlərdən, yas mərasimlərində ənənə halını alan adətlərin islam dini ilə əlaqəsinin olmamasından və rast gəlinən mənfi hallardan danışmışdır. O bildirmişdir ki, yas məclislərinin təmtəraqlı keçirilməsi, qəbirlərin geniş əhatəyə alınması və onların dəbdəbəli götürülməsi islam dininin qaydalarına ziddir.
Forumun sədri demişdir ki, islam dini ilə bağlı maarifçilik işinin aparılmaması yas mərasimlərinin təşkilində özünü daha qabarıq göstərir. Mərasimlərdə savadsız mollaların səviyyəsiz söhbətləri insanlarda ikrah hissi yaradır.
Çıxış edən digər natiqlər bildirmişlər ki, qəbirlərin üzərində təmtaraqlı başdaşıları, heykəl və büstlər qoymaq, məzarların yaxınlığındakı qəbiristanlığın əlavə torpaq hissələrini qəbirlə birlikdə məhəccərə almaq islam qanunlarına ziddir.
Qeyd olunmuşdur ki, bütün bunların əsas səbəbi əhaliyə düzgün və sağlam dini biliklərin verilməməsi ilə əlaqəlidir.
Yas mərasimlərini idarə etmək bacarığında olmayan mollaların fəaliyyətini kəskin tənqid edən “dəyirmi masa” iştirakçıları bildirmişlər ki, islam dini ilə əlaqəsi olmayan adət-ənənələrin formalaşmasında da savadsız mollaların rolu çox olmuşdur.
İslam dininin öyrənilməsinin elmi əhəmiyyətindən danışılarkən vurğulanmışdır ki, meyitlərin məscidlərdə yuyulması yolverilməzdir və bu adət son dövrdə həyatımıza daxil edilmişdir. Yas mərasimlərində dəbdəbəli ehsan süfrələrinin açılması da müsbət hal deyildir.
Müzakirələrdə deyilmişdir ki, yas mərasimlərinin düzgün təşkili üçün əhali arasında geniş maarifçilik işi aparılmalıdır və bu baxımdan mətbuat nümayəndələrinin fəallığına ciddi ehtiyac duyulur. Savadsız mollalarla ən yaxşı mübarizə üsulu da əhaliyə lazımı dini biliklərin verilməsinə nail olmaqdır. Çünki bu halda onlar məclislərə getməyə cəsarət etməyəcəklər.
“Dəyirmi masa” iştirakçıları Azərbaycan xalqına bəyannamə qəbul etmişlər. Bəyannamədə aidiyyəti dövlət strukturlarına, əhaliyə, eləcə də KİV rəhbərlərinə müəyyən tövsiyələr olunmuşdur.