ELM VƏ TƏHSİL
YAY MƏKTƏBİ FƏALİYYƏTƏ BAŞLADI
İyulun 7-20–də Xəzər Universitetinin Hüquq və sosial elmlər fakültəsində “Siyasətin analizi və tətbiqi“ fənni üzrə yay məktəbi fəaliyyət göstərəcəkdir. Bu məktəb Acıq Cəmiyyət İnstitutu və Avrasiya Fondu tərəfindən maliyyələşdirilir və dəstəklənir. Universitetdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, dinləyicilər Azəırbaycan, Gürcüstan və Orta Asiya ali təhsil ocaqlarında Dövlət siyasəti, Dövlət/Sosial idarəetməsi, Siyasi elm və ya digər yaxın fənləri tədris edən 25 gənc müəllim və bu sahədə elmi araşdırma aparan aspirant tələbələrdir. Onlar bu sahədə görkəmli mütəxəssis, Kaliforniya Universitetinin dövlət siyasəti professoru doktor Yucin Bərdekin Siyasətin analizi və tətbiqi kursunda iştirak edəcəklər. Məktəbin fəaliyyətinın əsas istiqamətləri bunlardır: siyasi analiz prosesinin səkkiz mərhələli metodunu əhatə edən beş məruzə; siyasi analizdə ekonometrik, riyazi metodların tətbiqi barədə məruzələr; siyasi qiymətləndirmə, monitorinq, ekspert siyasi zəmanəti və memorandumunun yazılışı mexanizmini, prinsiplərini əhatə edən məruzələr; fərdi və qrup şəklində treninqlərin keçirilməsi, alınan nəticələrin ardıcıllıqla təqdim olunması və sair.