MƏDƏNİYYƏT
YAZIÇILAR BİRLİYİNİN MÜKAFATLARI TƏQDİM OLUNMUŞDUR
Birlikdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, milli mənəvi yaddaşa qayıdışı təbliğ edən və Qarabağ mövzusunda bədii əsər yazan müəlliflərdən Elçin “Qarabağ şikəstəsi” hekayəsinə, Sabir Əhmədli “Axirət sevdası”, Mustafa Çəmənli “Xallı gürzə”, Famil Qaracalı “Dənizdən gələn səda”, Fazil Güney “Qara qan” romanlarına, Aqşin Babayev “Başımıza gələnlər”, Aqil Abbas “Çadırda Üzeyirlər doğulmur”, Elçin Hüseynbəyli “Qurdun şərqisi” povestlərinə, Babulla “Yaddaşın abidəsi” elmi, bədii-publisistik oçerkinə, Ramiz Məmmədzadə “Canpolad əfsanəsi” poemasına, Hikmət Əbdülhəlimov “Azərbaycan folklor antologiyası” kitabının 6-cı cildinə, Rasim Gənzəli “Yurda çəkən yuxular” hekayəsinə görə “Yaddaş” milli mükafatını almışlar.
Komissiyanın qərarı ilə Yusif Kərimov “Səni mənə verməzlər” romanına, Bəsti Əlibəyli silsilə ədəbi tənqidi məqalələrinə, Əlirza Xələfli “Həsrət körpüsü”, Gülşən Əliyeva “Füzuli sehri”, Rəşad Məcid “10 sentyabr” hekayəsinə, Ədalət Salman “Sözün işığı” ədəbiyyat qəzetinin çapına görə “Qılınc və Qələm” mükafatlarına layiq görülmüşlər.