DÜNYA
YAZIÇILIĞI BİLL KLİNTONUN, AZ QALA, AXIRINA ÇIXACAQDI
AZƏRTAC xəbər verir ki, ABŞ-ın sabiq prezidenti Bill Klinton memuarlarının reklam kampaniyasına başlamaq fikrindədir. “Mənim həyatım” kitabı Amerika mağazalarında iyulun 22-də satışa buraxılmalı olsa da, o, artıq bu günlərdə onu Çikaqonun kitab yarmarkasına təqdim edəcəkdir.
Klintonun memuarlarının onilliyin bestselleri ola biləcəyi ehtimalı böyükdür. Elə kitabın mincə səhifədən ibarət bircə cildinə 12 milyon dollar beh verilməsi faktının özü çox şey deyir.
Güman edilir ki, “Mənim həyatım” kitabında sabiq prezident Ağ Evdə olduğu dövrlə bağlı suallara cavab verəcəkdir. Bir çox suallarla yanaşı, keçmiş lider bir zaman Üsəma ben Ladenin təhvil verilməsi barədə Sudanın təklifini nə üçün qəbul etməməsinin səbəblərini də açıqlayacaqdır. Klintonun sözlərinə görə, yazıçılığı, az qala, onun həyatına son qoyacaqdı. O, demək olar, gecələr yatmamış, səhər saat 4-ə kimi kitab üzərində çalışmışdır.