YEDDİ AY ƏRZİNDƏ QƏBƏLƏDƏ 20 MİN TURİST İSTİRAHƏT ETMİŞDİR
AzerTAg.az
Qəbələ, 22 avqust (AZƏRTAC). Cari ilin 7 ayında Qəbələ rayonuna səfər edən yerli və xarici turistlərin sayı xeyli artmışdır.
Rayonun mədəniyyət və turizm şöbəsindən bildirmişlər ki, cari ilin yanvar-iyul aylarında Qəbələyə 20 min turist səfər etmişdir ki, onlardan 14 min 782-si yerli, 5 min 218 nəfəri isə əcnəbidir. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə xeyli çoxdur.
Heydər Əliyev Fondunun dəstəyi ilə iyulun 25-dən avqustun 5-dək Qəbələdə keçirilən II Beynəlxalq Musiqi Festivalını 3000-ə yaxın yerli və xarici turist tamaşaçı qismində izləmişdir. 2008-ci ildə Qəbələyə 14 min 630 turist, 2009-cu ildə 29 min 480 turist gəlmişdi.
Xatırladaq ki, hazırda rayonda irili-xırdalı 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyətdədir. Qəbələdə müasir turizm obyektlərinin sayı ötən 6 ildə 5 dəfə artaraq 18-ə çatmışdır. Təkcə 2010-cu ilin 7 ayında Qəbələdə beşulduzlu “Qafqaz Sahil”, “Qafqaz Riverside” otelləri, eləcə də “Fitnes” İstirahət və Sağlamlıq Mərkəzi, “Qafqaz-Park” Gənclik İstirahət Kompleksi istifadəyə verilmişdir.
Xəbərin mətnində orfoqrafik səhv var