İDMAN
YENİYETMƏLƏRİN RESPUBLİKA OYUNLARININ FİNAL YARIŞLARI MAYIN 10-DA BAŞLANACAQ
Gənclər, idman və turizm naziri Əbülfəz Qarayev bildirmişdir ki, bu ənənənin bünövrəsi 1998-ci ildə qoyulmuşdur və elə o zaman da onları iki ildən bir keçirmək qərara alınmışdır. 1-ci Oyunların açılış mərasimində ümummilli liderimiz, Prezident Heydər Əliyev iştirak etmiş, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev nitq söyləmişdir.
Yanvarda başlayan budəfəki Oyunların rayon, şəhər və zona mərhələləri başa çatmışdır. Nazir müavini Asif Əsgərov idmanın 16 növü üzrə keçirilən Oyunların gedişi barədə məlumat verərək, iştirakçıların sayının ilbəil artdığını bildirmişdir. Təkcə futbol yarışlarının zona mərhələsində 76 komanda mübarizə aparmışdır. Mayın 11-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək açılış mərasimində yeniyetmə idmançıların və incəsənət ustalarının çıxışları nəzərdə tutulmuşdur.