İDMAN
YENİYETMƏLƏRİN V ÜMUMRESPUBLİKA İDMAN OYUNLARININ FİNAL MƏRHƏLƏSİ BAŞLANMIŞDIR
Yarışlarda iştirak edən şəhər və rayon komandaları, idman ictimaiyyətinin nümayəndələri, veteran idmançılar, əvvəlcə, Fəxri xiyabana gedərək, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etmiş, abidəsi önünə əklil qoymuşlar. Sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi yad olunmuş, “Əbədi məşəl” abidəsi önünə əklil qoyulmuşdur.
Açılış mərasimində Azərbaycanın dövlət himni səslənmiş, Şəhidlər xiyabanındakı “Əbədi məşəl”dən götürülmüş alov kompleksə gətirilərək, oyunların məşəli yandırılmışdır.
Gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müavini Elmar Qasımov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini İlyas Əliyev mərasimdə çıxış edərək, Azərbaycanda uşaq, yeniyetmə və gənclərin kütləvi şəkildə bədən tərbiyəsinə və idmana cəlb olunmasının, insanların sağlamlığı üçün hər cür şərait yaradılmasının məhz dünya şöhrətli siyasi xadim, dahi öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bidirmişlər. Dahi rəhbərimiz Heydər Əliyevin məqsədyönlü dövlət siyasətinin tərkib hissəsi olan gənclərə qayğı, onların sağlam, vətənpərvər ruhda böyüməsi məsələsinin Milli Olimpiya Komitəsinin prezidenti, Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğu xüsusi vurğulanmışdır.
Bildirilmişdir ki, Azərbaycanda müxtəlif idman tədbirləri ilə yanaşı, 1998-ci ildən başlayaraq, hər iki ildən bir təşkil olunan yeniyetmələrin ümumrespublika idman oyunlarının keçirilməsinin məqsədi ölkənin bütün regionlarından istedadlı idmançıları üzə çıxarmaq və onları peşəkar səviyyədə yetişdirərək, respublikamızı beynəlxalq yarışlarda layiqincə təmsil etməyə hazırlaşdırmaqdır.
Oyunlar bu ildən, boks da əlavə olunmaqla, 17 idman növü üzrə təşkil olunmuşdur.