SİYASƏT
YENİ AZƏRBAYCAN PARTİYASI İLƏ RUSİYANIN “VAHİD RUSİYA” PARTİYASI ARASINDA ƏMƏKDAŞLIQ HAQQINDA MÜQAVİLƏ İMZALANMIŞDIR
AZƏRTAC xəbər verir ki, sentyabrın 27-də Bakıda Yeni Azərbacan Partiyası (YAP) ilə Rusiya Federasiyasının “Vahid Rusiya” (“Yedinaya Rossiya”) Partiyası arasında əməkdaşlığa dair müqavilə imzalanmışdır.
Sənədi YAP sədrinin müavini, partiyanın icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov və “Vahid Rusiya” Partiyasının nümayəndəsi, Dövlət Dumasının xarici əlaqələr komitəsinin sədri Konstantin Kosaçyov imzalamışlar.
Ə.Əhmədov demişdir ki, bu sənəd təkcə dövlət və hökumətlərimiz arasında deyil, siyasi partiyalar arasında da əlaqələrin yüksək səviyyədə olduğunu göstərir. Müqavilə münasibətlərimizin gələcək inkişafında yeni səhifə açacaqdır.
K.Kosaçyov bildirmişdir ki, son 6 ildə partiyalarımız arasında 8 sənəd imzalanmışdır. Düşünürəm ki, hökumətlərimiz və parlamentlərimiz arasında əlaqələr xalqlarımız arasındakı dostluq münasibətlərinin bütün sahələrini əhatə etmir. Ona görə də siyasi partiyalar arsında bu cür əməkdaşlıq xalqlarımızın ümumi mənafeyinə və rifah halının yüksəldilməsinə xidmət edəcəkdir.