SİYASƏT
YENİ BİTKİ SORTLARININ MÜHAFİZƏSİ ÜZRƏ KONVENSİYAYA QOŞULMAĞIN ÖLKƏMİZ ÜÇÜN MÜHÜM ƏHƏMİYYƏTİ OLACAQDIR
Komissiyanın sədri Eldar İbrahimov ölkəmizin Prezidenti tərəfindən parlamentə təqdim olunmuş qanun layihələri barədə deputatlara və dəvət olunmuş qonaqlara qısa məlumat verdi.
Sonra Milli Məclis Aparatının iqtisadi qanunvericilik şöbəsi aqrar qanunvericilik bölməsinin müdiri Şahmərdan Kərimov gündəlikdəki birinci məsələni - “Azərbaycan Respublikasının yeni bitki sortlarının mühafizəsi üzrə Beynəlxalq Konvensiyaya qoşulması barədə” qanun layihəsini geniş şərh etdi. O dedi ki, ölkəmizin 1961-ci ildə qəbul olunmuş və 1991-ci ildə Cenevrə şəhərində yenidən baxılmış “Yeni bitki sortlarının mühafizəsi üzrə Beynəlxalq Konvensiya”ya qoşulmasının mühüm əhəmiyyəti vardır. Ona görə ki, bu sənədə qoşulmaqla biz akademik Cəlal Əliyevin rəhbərliyi altında çox yüksək məhsuldarlığa malik, dözümlü buğda sortlarının, eləcə də digər alimlərimizin yetişdirdikləri nadir cins və sortların mühafizəsini, müəllif hüquqlarının qorunmasını təmin edə biləcəyik.
Konvensiya 10 fəsil, 42 maddədən ibarətdir. Sənəddə mühafizə olunmalı sortların və cinslərin siyahısı, seleksiyaçı alimlərin hüquqlarının təmin edilməsinin şərtləri, seleksiyaçının hüququnda istisnalar, bu hüquqların məhdudlaşdırılması və sair müddəalar öz əksini tapmışdır.
İclasda iştirak edən Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə Konvensiyanın əhəmiyyətindən danışmış və Kənd Təsərrüfatı Nazirliyinin bundan səmərəli istifadə etməsi barədə tövsiyələrini vermişdir.
Sonra gündəlikdə duran digər məsələ - “İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Qanunun təsdiq edilməsi ilə əlaqədar bəzi qanunlara dəyişikliklər və əlavələr edilməsi barədə” qanun layihəsi müzakirə olunmuşdur.
Müzakirələr zamanı İnzibati Xətalar Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar “Baytarlıq təbabəti haqqında”, “Bitki karantini haqqında”, “Meliorasiya və irriqasiya haqqında”, “Balıqçılıq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Taxıl haqqında” və daha bir neçə qanuna, Su Məcəlləsinə əlavələr və dəyişikliklər edilmişdir.
Sonda layihələrin Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınmışdır.