SİYASƏT
YENİ ÇAĞIRIŞ GÜRCÜSTAN PARLAMENTİNİN İLK İCLASI BAŞ TUTMADI
AZƏRTAC-ın müxbiri Tbilisidən xəbər verir ki, iclas salonuna soxulan müxalifət qüvvələri deputatlarla və parlament binasındakı mühafizəçilərlə əlbəyaxa oldular. Zor gücünə içəri soxulanlar əllərinə keçən avadanlığı, stol və stulları sındırmağa başladılar. Prezident E.Şevardnadze mühafizəçilərinin köməyi ilə salonu tərk etmək məcburiyyətində qaldı. O, parlament binasının qarşısına gələrək, burada mitinq iştirakçılarına müraciət etdi və hamını Tbilisidə əmin-amanlığı və sakitliyi pozmamağa çağırdı, müxalifətin əməllərini pislədi və bəyan etdi ki, vaxtından əvvəl istefa vermək niyyətində deyildir. Lakin dövlət başçısı buranı da tezliklə tərk etməli oldu.
Həmin vaxt içəridə, parlamentin iclas salonunda E.Şevardnadzenin və müxalifətin tərəfdarları arasında əlbəyaxa savaşlar və mübahisələr hələ də davam etməkdə idi. Nəhayət, axşamüstü müxalifətin tərəfdarları parlamentin binasını tamamilə ələ keçirməyə müvəffəq oldular. İqtidaryönlü “Yeni Gürcüstan uğrunda” blokun və onu dəstəkləyən Dirçəliş Partiyasının tərəfdarları ali qanunverici orqanın binasını tərk etdilər. Amma müxalifət tərəfdarlarının parlamentdə “hökmranlığı” uzun sürmədi. Parlamentdəki mühafizə qüvvələri onları sıxışdırıb bayıra çıxardılar.
Son məlumata görə, toqquşmalar nəticəsində 30 adam, o cümlədən, daxili işlər naziri Koba Narçemaşvilinin məlumatına görə, bir neçə polis nəfəri yaralanmışdır. Polislərdən ikisinin vəziyyəti ağırdır.
Prezident Eduard Şevardnadze ölkədə vəziyyətin getdikcə gərginləşdiyini və hər an vətəndaş qarşıdurması baş verə biləcəyini nəzərə alaraq, bir ay müddətinə Gürcüstanda fövqəladə vəziyyət elan etmişdir.
“Burcanadze-demokratlar” blokunun liderlərindən biri - Zurab Jvaniya isə bildirmişdir ki, dövlət başçısının vəzifələrini 45 gün ərzində, yəni vaxtından əvvəl prezident seçkiləri keçirilən günədək parlamentin sabiq sədri Nino Burcanadze yerinə yetirəcəkdir.
Gürcüstanda vəziyyət gərgin və təhlükəli olaraq qalır.