ELM VƏ TƏHSİL
YENİ İNGİLİS DİLİ VƏSAİTLƏRİ ÇAPDAN ÇIXMIŞDIR
AZƏRTAC xəbər verir ki, Bakı Dövlət Universiteti ingilis dili kafedrasının bir qrup müəlliminin hazırladığı “English For Beginners”, “İngilis dili” və ”Riyaziyyatçılar üçün ingilis dili” dərslikləri nəfis tərtibatla “Çinar-Çap” mətbəəsində Azərbaycan və rus dillərində çapdan çıxmışdır. Kitablar onların müəlliflərindən biri, uzun illər bu kafedrada baş müəllim işləmiş, həyatdan vaxtsız getmiş nəcib insan, gözəl pedaqoq Roza xanım Abbasovanın əziz xatirəsinə həsr olunmuşdur.
Qeyd edək ki, müəllimlər kollektiv il ərzində 3 min söz və söz birləşməsindən ibarət “Rusca-ingiliscə idman lüğəti”, rus dilində 2002 sözdən ibarət 436 səhifəlik “İngilis atalar sözləri və məsəlləri” və 40 min termindən ibarət 490 səhifəlik “İngiliscə-rusca hüquq lüğəti” kitablarını da çap etdirmişlər. Bu kitablar qısa müddətdə tələbə və müəllimlərin, ingilis dilini müstəqil öyrənmək istəyənlərin, bu dilin tədqiqatçılarının, mütəxəssislərin stolüstü kitablarına çevrilmiş, elmi-metodik səviyyələri ABŞ və Böyük Britaniyanın dilçiləri tərəfindən yüksək qiymətləndirilmişdir.
Kitabların hamısı Təhsil Nazirliyində dərslik kimi təsdiq edilmişdir.