MƏDƏNİYYƏT
YENİ İNKİŞAF PROQRAMI HAZIRLANMIŞDIR
Azərbaycan hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında 1999-cu ildə bağlanmış kredit sazişinə əsasən, Mədəni İrsin Qorunması Layihəsi çərçivəsində işlərin bir hissəsi (Şirvanşahlar sarayının “Divanxana”sı, Naxçıvandakı Möminə Xatun və Qudi Xatun türbələrinin bərpası) başa çatdırılmış, digərlərində (Şirvanşahlar sarayının Saray binasında 2-ci mərtəbənin yenidən qurulması və Şəki Xan Sarayının bərpası) isə hazırda davam etdirilir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bərpa işləri üçün tenderlərin keçirilməsi və Kreditvermədə Xüsusi Qaydaların (KXQ) ABŞ dollarına görə məzənnəsinin artması kredit vəsaitinə xeyli - 1,2 milyon dollar qənaət imkanı yaratmışdır. Qənaət olunmuş vəsaitin bərpa edilmiş abidələrin ətrafında yaşayan sakinlərin sosial və iqtisadi vəziyyətlərinin yaxşılaşdırılmasına, infrastrukturun inkişafına yönəldilməsi nəzərdə tutulmuş, bu istiqamətdə yeni İnkişaf Proqramı hazırlanmışdır.
Proqram Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Mədəni İrsin Qorunması Layihəsinin İşçi Qrupu tərəfindən həyata keçirilməyə başlanmışdır.