İQTİSADİYYAT
YENİ İSTEHSAL SAHƏLƏRİ NƏİNKİ İQTİSADİ İNKİŞAFA, HABELƏ TƏZƏ İŞ YERLƏRİNİN AÇILMASINA ŞƏRAİT YARADIR
“Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Prezidentin 24 noyabr 2003-cü il tarixli Fərmanından irəli gələn vəzifələrlə əlaqədar İsmayıllıda real işlər görülür. Son aylar fəaliyyətə başlayan, habelə tikilməkdə olan yeni istehsal sahələrində yüzlərlə adam işlə təmin olunmuşdur.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Pərviz Ağayev AZƏRTAC-ın müxbirinə demişdir ki, hazırda 40 nəfərin çalışdığı, 750 milyon manat sərmayə qoyuluşu hesabına yenidən qurulan kərpic zavodunda bir neçə aydan sonra 160 nəfər işə götürüləcəkdir. İndi “İsmayıllı quşçuluq” ASC-nin çoxdan dayanmış və yararsız hala düşmüş quşçuluq fabriki bazasında yaratdığı müəssisədə 100 min baş broyler bəslənəcək, 100 nəfərdən çox işçi çalışacaqdır. Habelə, Basqal qəsəbəsindəki “Kəlağayı” ipək mərkəzində, 4 ərazidə fəaliyyətə başlayan pendir emalı sexlərində və digər obyektlərdə onlarca adamın məşğulluğu təmin edilmişdir.
Sahibkarlığın inkişafına göstərilən diqqət və qayğı bölgədə iş adamlarının fəaliyyəti üçün əlverişli şərait yaratmışdır.