ELM VƏ TƏHSİL
YENİ KOMPÜTER MƏRKƏZİ İSTİFADƏYƏ VERİLMİŞDİR
Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) Çin Neft Universitetinin (ÇNU) yardımı ilə yeni kompüter mərkəzinin açılış mərasimi olmuşdur. Akademiyanın rektoru, professor Siyavuş Qarayev mərasimi açaraq Prezident Heydər Əliyevin Azərbaycan ilə Çin Xalq Respublikası arasında dostluq əlaqələrinin möhkəmlənməsinə böyük önəm verdiyini vurğulamışdır. Sonra natiq müasir tədris müəssisələrində və yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında kompüter texnologiyasının əhəmiyyətindən danışmışdır. Çin Xalq Respublikasının Bakıdakı səfiri Çjan Siyun və Çin Neft Universitetinin vitse-prezidenti, professor Tonq Xin Qua çıxışlarında ölkələrimiz arasındakı əlaqələrdən bəhs etmişlər. Natiqlər həmçinin Akademiyada təhsil alan azərbaycanlı və çinli tələbələrin yeni kompüter mərkəzindən səmərəli istifadə edəcəklərinə əmin olduqlarını vurğulamışlar. Azərbaycan təhsil nazirinin müavini Elmar Qasımov və digər natiqlər müəllim və tələbələri təbrik etmiş, onlara uğurlar arzulamışlar. ADNA-nın hazırlıq fakültəsinin tələbəsi Can Say Xua yüksək səviyyədə təhsil almaq üçün onlara yaradılan şəraitə görə minnətdarlığını bildirmişdir. Sonra mərasim iştirakçıları kompüter mərkəzi ilə tanış olmuşlar.