SİYASƏT
YENİ LAYİHƏLƏR MİLLİ MƏCLİSİN MÜZAKİRƏSİNƏ ÇIXARILACAQDIR
Komissiyanın sədr müavini Cahangir Hüseynov demişdir ki, Cinayət Məcəlləsinə əlavə olunan 222-2 maddəsində deyilir ki, müvafiq icazə almadan mühafizə zonalarında tikinti və quraşdırma işləri aparan şəxslər şərti maliyyə vahidinin 700 mislindən 1000 mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətlə islah işləri və yaxud da 2 ilədək müddətdə azadlıqdan məhrumetmə ilə cəzalandırılırlar. Digər əlavədə isə bildirilir ki, eyni əməllər ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda, 2 ildən 4 ilədək müddətdə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 314-2 maddəsində isə göstərilir ki, müəyyən edilmiş qaydaları pozmaqla mühafizə zonalarında torpaq sahələri ayırmaq, tikinti və quraşdırma işlərinin aparılmasına icazə verməyə görə müvafiq icra hakimiyyətinin səlahiyyətli şəxsləri şərti maliyyə vahidinin 2000 mislindən 3000 mislinədək miqdarda cərimə, 2 ilədək müddətdə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifətutma və yaxud da müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməməklə 4 ilədək azadlıqdan məhrumetmə ilə cəzalanırlar.
Cahangir Hüseynovun sözlərinə görə, bu dəyişikliklərin edilməsi mühafizə zonalarında qanunsuz tikililərin aparılmasının qarşısının alınması, eləcə də vətəndaşların təhlükəsizliyinin qorunmasına xidmət edir. İnzibati Xətalar Məcəlləsinə də bir sıra dəyişikliklərin olunmasına baxılmışdır.
Layihələrin Milli Məclisin gündəliyinə çıxarılması qərara alınmışdır.