DÜNYA
YENİ MADDƏ İŞTAHANI ZƏİFLƏDİR
Bakı, 7 iyul (AZƏRTAC). Britaniya alimləri iştahanı zəiflədən maddə aşkar etmişlər. Bu maddəni insan orqanizmində tapmaq olar. Söhbət gemopressin adlanan kimyəvi birləşmədən gedir.
Bu maddə beyinin həzz mərkəzlərinə təsir göstərir. Həzz mərkəzləri ləzzətli qida qəbul edərkən, yaxud siqaret çəkərkən fəallaşır. Testlər göstərmişdir ki, gemopressin beynin bu hissələrini təcrid edir.
İdeya belədir: ləzzət almaq üçün deyil, ac qalmamaq üçün yemək lazımdır. Bu yanaşmadan alkoqolizmin və narkotik asılılığın müalicəsində də istifadə oluna bilər.
Hələ 6 il əvvəl “Rimonabant” adlı sintetik maddə yaradılmışdı. O da beyinə təsir edərək iştahanı zəiflədirdi. Lakin sonradan məlum olmuşdur ki, “Rimonabant” heç də zərərsiz deyildir. O, depressiya və intihara meyl yaradır.
Hazırda yeni maddənin əks təsirlərini öyrənmək üçün tədqiqatlar davam etdirilir.