ELM VƏ TƏHSİL
YENİ MƏKTƏBLƏR TİKİLİR, MÖVCUD BİNALAR TƏMİR OLUNUR
Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Bakının Xətai rayonunda Azərneftyağ zavodunun sponsorluğu ilə tikilən, 844 şagird yeri olan yeni məktəb binası dərs ilinə tam hazırdır. Bakıdakı 39 nömrəli məktəb İslam İnkişaf Bankının ayırdığı kredit hesabına əsaslı təmir olunmuşdur. Rusiyanın “LUKoyl” şirkəti isə paytaxtdakı 169 nömrəli məktəbi əsaslı təmir etməklə bərabər bu təhsil ocağının müasir texniki avadanlığa olan ehtiyacını da ödəmişdir.
Naxçıvan şəhərində 1300 şagird yeri olan, ən müasir standartlar səviyyəsində tikilmiş məktəb binası da qapılarını yeni dərs ili ərəfəsində şagirdlərin üzünə açacaqdır.
“Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlığı ilə təchiz olunmasına dair Dövlət Proqramı”na müvafiq surətdə bu ilin sonunadək ölkəmizdə daha 11 yeni məktəb binası, 26 məktəbdə isə əlavə sinif otaqları istifadəyə veriləcəkdir.