İQTİSADİYYAT
YENİ PLATFORMALAR TİKİLİR
Dövlət Neft Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, bu il 3 yeni böyük platforma istismara veriləcəkdir. Bunlardan ikisi “Neft Daşları”nda olacaq ki, onların da hər birindən 48 yeni quyu qazılacaqdır. Nəticədə, neft hasilatı 25 faiz artaraq, ildə 1 milyon tona çatacaqdır.
“Günəşli” yatağında 11 nömrəli platformanı genişləndirmək məqsədilə yeni blok tikilmişdir. Bu blokdan yeni qaz quyuları qazılacaq ki, bunun da nəticəsində yataqda hasilat 1,5 dəfə artacaqdır. Bu il “Günəşli”də dərinsulu qaz kəmərinin çəkilməsi də nəzərdə tutulmuşdur.
Hazırda “Günəşli”, “Neft Daşları”, “Hövsan” yataqlarında, həmçinin Pirallahı adasının yaxınlığındakı “Qum adası”, quruda isə “Balaxanı”, “Bibiheybət” və “Buzovna” yataqlarında yeni quyular qazılır.