İQTİSADİYYAT
YENİ QAZ KƏMƏRİNİN TİKİNTİSİNƏ BAŞLANACAQ
bp-nin Səngəçal terminalının genişləndirilməsi layihəsi üzrə meneceri Yakobus Nyuvenhauze bildirmişdir ki, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu işlərin görülməsini bəyənmişdir. Kəmərin tikintisinin ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair sənədlər baxılmaq üçün nazirliyə təqdim olunmuşdur. Hazırda boru kəmərinin keçəcəyi ərazinin təmizlənməsi işləri aparılır. Bütün lazımi materiallar sifariş edilmişdir. Kəmərin tikintisinə 2004-cü ilin fevralında başlamaq nəzərdə tutulmuşdur. Layihənin dəyəri 13 milyon dollardır. Ümumi uzunluğu 5 kilometr olan qaz kəməri terminalı Səngəçal qaz bölüşdürmə şəbəkəsi ilə birləşdirən ərazidə çəkiləcəkdır (operatoru “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətidir). Boru kəmərinin çəkilişi Səngəçal terminalının genişləndirilməsi layihəsi çərçivəsində, lakin ARDNŞ-ın öz vəsaiti hesabına həyata keçiriləcəkdir. Bununla əlaqədar ABƏŞ ilə ARDNŞ arasında xüsusi saziş imzalanmışdır. Boru kəmərinin buraxıcılıq gücü “AÇG”də neft hasilatının ən yüksək həddə çatacağı 2008-ci ildə çıxarılacaq 20-25 milyon kubmetr səmt qazının nəql olunması üçün nəzərdə tutulmuşdur. Qaz kəmərinin tikintisi “Azəri” yatağından ilk neftin hasilatına üç ay qalmış (təxminən 2004-cü ilin sentyabr ayında) başa çatdırılmalıdır. ABƏŞ-in planlarına görə, ilk neft hasil edilməyə başlandıqdan 12 ay sonra səmt qazının bir hissəsi laya vurulacaqdır.