İQTİSADİYYAT
YENİ SALINACAQ DOQQUZ QƏSƏBƏNİN LAYİHƏLƏNDİRİLMƏSİ BAŞA ÇATDIRILIB
Rayon icra hakimiyyətinin başçısı Həsən Sarıyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) tərəfindən elan edilmiş tenderdə “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor Texnoloji İnstitutu qalib gəlmişdir. 3 min 764 məcburi köçkün ailəsinin məskunlaşacağı qəsəbələr Dövlət Neft Fondunun vəsaiti hesabına inşa olunacaqdır. Qəsəbələrdə 12 məktəb, 6 uşaq bağçası, 6 rabitə evi, 6 inzibati bina, 4 icma mərkəzi, 8 hamam, 3 baytarlıq məntəqəsi, 4 məişət evi, 9 səhiyyə obyekti, 4 klub, 3 musiqi məktəbi, müasir tipli çörəkxana, 10 ictimai iaşə və digər sosial obyektlər inşa olunacaqdır. Qəsəbələrə yüksək gərginlikli elektrik xətləri, içməli su kəmərləri, suvarma üçün kanallar çəkiləcək, 63 kilovoltluq 20 yardımçı elektrik stansiyası, transformatorlar quraşdırılacaqdır. Layihə üzrə ən böyük qəsəbə 889 evdən ibarət olacaqdır. Yaxın vaxtlarda hər biri 107 evdən ibarət “Alıbəyli-1” və “Alıbəyli-2” qəsəbələrinin inşasına başlanacaqdır.