ELM VƏ TƏHSİL
“YENİ TEXNOLOGİYALAR VƏ UNİVERSİTETİN İDARƏ EDİLMƏSİNDƏ DƏYİŞİKLİKLƏR” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
Universitetdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, konfrans bu ali təhsil müəssisəsinin Fransanın və Belçikanın ali məktəbləri ilə birlikdə TASİS-Tempus proqramı çərçivəsində idarəetmənin təkmilləşdirilməsinə dair hazırladığı layihənin yekununa həsr edilmişdir.
Bakı Dövlət Universitetinin rektoru, MEA-nın müxbir üzvü, professor Abel Məhərrəmov konfransı açaraq başçılıq etdiyi ali məktəbdə elmi-texniki nailiyyətlərin tətbiqinə xüsusi önəm verildiyini vurğulamışdır. Natiq demişdir ki, 1994-cü ildən etibarən Avropa Şurasının TASİS-Tempus proqramı tərəfindən dəstəklənən müxtəlif layihələr çərçivəsində BDU Avropanın aparıcı ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir.
Təhsil naziri Misir Mərdanov çıxış edərək respublikamızda aparılan təhsil islahatlarından bəhs etmiş, proqramın əhəmiyyətini vurğulamışdır.
Fransanın Bakıdakı səfiri Şantal Puare iki ölkə arasında inkişaf edən dostluq və əməkdaşlıq münasibətlərindən danışmışdır.
Konfransda proqramın əsas mahiyyəti, görülmüş işlər və gələcək perspektivlər barədə ətraflı məlumatlar verilmişdir.
Həyata keçirilən layihə çərçivəsində universitetin kitabxanasında tam avtomatlaşdırılmış məlumat-axtarış sistemi yaradılmışdır. Mühasiblik şöbəsində isə kompüterlər qoyulmuş, əməliyyatları avtomatlaşdırmaq üçün yeni proqram təminatının yaradılmasına başlanmışdır.
Tədbirin iştirakçıları layihənin ayrı-ayrı sahələri ilə bağlı öz fikir və mülahizələrini bildirmişlər.