REGİONLAR
YENİ TUT BAĞLARI SALINIR
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramına uyğun olaraq, son illər Qax rayonunda baramaçılığın dirçəldilməsi və inkişaf etdirilməsi ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, bu sahənin inkişafı ilk növbədə, onun yem bazasının təşkilindən daha çox asılıdır. Bu məqsədlə 2005-ci ildən başlayaraq respublikamızda ipəkçiliyin inkişafında maraqlı olan “Şəki-İpək” ASC-nin xətti ilə Qax rayonunun baramaçılıqla məşğul olan kəndlərində yeni tut bağlarının salınmasına başlanılmışdır. Təkcə 2007-ci ilin birinci rübündə bağ sahələrində 28 min ədəd tut tingi əkilmişdir. Ümumiyyətlə isə, 2005-ci ildən indiyədək səhmdar cəmiyyətin köməyi ilə rayonun baramaçılıq təsərrüfatlarında yeni salınan bağlarda 262 min ədəd tut tingi əkilmişdir.