ELM VƏ TƏHSİL
YER KÜRƏSİNİN OZON TƏBƏQƏSİNİN DAĞILMASININ SÜRƏTİ AZALMIŞDIR
Atmosferin yuxarı qatlarındakı prosesləri izləyən qərb alimləri Yer kürəsinin ozon təbəqəsinin dağılması sürətinin sabit şəkildə azalmasını qeydə almışlar. Məlum olmuşdur ki, ozon təbəqəsinin yox olmasının sürəti iki dəfə azalmışdır.
Mütəxəssislərin fikrincə, planetimizin Kosmos şüalarından qorunmasında başlıca rol oynayan ozon təbəqəsi yaxın 50 il ərzində tamamilə bərpa oluna bilər. Alimlər hesab edirlər ki, müsbət dəyişikliklər, ilk növbədə, ozon təbəqəsinin dağılmasına şərait yaradan aktiv kimyəvi maddələrin istehsalının və istifadə olunmasının dayandırılması üçün dünyanın bütün ölkələrinin hökumətləri tərəfindən həyata keçirilmiş birgə tədbirlərlə bağlıdır.
Ozon təbəqəsinin tədricən yox olması problemi ötən əsrin 70-ci illərində meydana çıxmışdı. Nəticədə 1987-ci ildə soyuducu qurğular üçün aerozol və qazlarda istifadə edilən və atmosferə daxil olaraq ozon təbəqəsini dağıdan aktiv kimyəvi maddələri qadağan edən məşhur Monreal protokolu imzalanmışdır.