REGİONLAR


YEVLAXDA 2005-Cİ İLİN YEKUNLARI VƏ QARŞIDA DURAN VƏZİFƏLƏR MÜZAKİRƏ OLUNMUŞDUR

AZƏRTAC xəbər verir ki, Yevlax rayonunda 2005-ci ilin yanvarına həsr olunmuş müşavirə keçirilmişdir.

Müşavirə iştirakçıları əvvəlcə şəhərin mərkəzində ümummilli liderimiz Heydər Əliyevin abidəsinin önünə əklil, gül-çiçək dəstələri qoymuş, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.

Sonra müşavirə öz işini davam etdirmiş, şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin 2005-ci ildə görülən işlərə dair hesabat məruzəsi dinlənilmişdir. Natiq qeyd etmişdir ki, əvvəlki illərdə olduğu kimi, ötən ildə də əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasını Prezident İlham Əliyev uğurla davam etdirir.

Azərbaycan Prezidenti İlham Əliyev 2004-cü ilin iyununda Yevlaxa səfəri zamanı demişdir ki, iqtisadi və sosial inkişaf, insanlara qayğı və diqqət bizim siyasətimizin ana xəttidir. Çox şadam ki, bunların hamısı Yevlaxda həyata keçirilir.

Son iki ildə Yevlaxda tikinti-abadlıq, quruculuq işləri geniş vüsət almış, sosial-iqtisadi, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə böyük uğurlar qazanılmışdır.

Müşavirədə qeyd olunmuşdur ki, ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan prospektdə irimiqyaslı abadlıq və quruculuq işləri aparılmış, burada ulu öndərin qranitdən əzəmətli heykəli ucaldılmışdır. Heydər Əliyev muzeyində inşaat işləri başa çatdırılmış, Heydər Əliyev parkı yevlaxlıların əsil istirahət yerinə çevrilmişdir. Ulu öndərin adını daşıyan xiyabanda üç fəvvarə quraşdırılmış, mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün açıq səma altında min yerlik tamaşa salonu istifadəyə verilmişdir. Son iki ildə ümumi sahəsi 61930 kvadratmetr olan 8 park və xiyaban salınmışdır. Sahəsi 19.600 kvadratmetr olan üç park yenidən qurulmuş, 5 fəvvarə bərpa edilmişdir. Park, küçə və meydanlarda 10 fəvvarə inşa olunmuşdur. Küçə və meydanlarda 70.600 kvadratmetr sahəyə dekorativ plitə döşənmiş, 17630 metr uzunluğunda yol kənarlarına səki daşları düzülmüş, 21 küçəyə 22.600 metr işıqlanma xətləri çəkilmişdir. Nizami parkında böyük şairimizin əsərlərinin personajlarının heykəlləri qoyulmuş, mərkəzi kitabxananın qarşısında Nizaminin büstü, Dədə Qorqud parkında dörd heykəl ucaldılmış, tarix-diyarşünaslıq muzeyi inşa olunmuşdur.

Müşavirədə qeyd edilmişdir ki, şəhərdə 2 nasos stansiyası tikilmiş, 65 hektar sahədə bataqlıqlar qurudulmuşdur. Əhalinin mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə 16 mənzilli, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 20 mənzilli yaşayış binaları istifadəyə verilmişdir. Hazırda əlil və şəhid ailələri üçün 16 mənzilli evin tikintisi davam etdirilir.

Əhalinin qaz təminatını yaxşılaşdırmaq məqsədi ilə ikinci qazpaylayıcı stansiya inşa olunmuş, poçt və telekommunikasiya sistemi yenidən qurulmuş, elektrik enerjisi təminatını yaxşılaşdırmaq üçün Yevlax yarımstansiyasında hər birinin gücü 40 meqavat olan 2 transformator quraşdırılmış, Malbinəsi kəndində yarımstansiya inşa olunmuşdur. Yağış və sel sularının qarşısını almaq məqsədi ilə 18.680 metr kanalizasiya xətti əsaslı təmir edilmiş, 4200 metr yeni kanalizasiya xətti çəkilmiş, 31.290 metr uzunluğunda açıq kanallar təmizlənmiş, 5790 metr uzunluğunda yeni kanal çəkilmişdir. Şəhər əhalisinin içməli suya olan tələbatını ödəmək üçün Kür çayı üzərində, sanitar normalara cavab verən, yeni nasos stansiyası inşa olunmuşdur.

Hesabat dövründə təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə müvafiq tədbirlər həyata keçirilmişdir. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı çərçivəsində Hacıselli və Nəmirli kəndlərində yeni məktəb binaları tikilmiş, şəhərdəki 5 məktəbdə əsaslı təmir işləri aparılmış, əlavə sinif otaqları inşa olunmuş, Duzdağ qəsəbəsi və Qaraoğlan kəndində yeni məktəb binaları istifadəyə verilmişdir. Yevlaxlılar təhsilin inkişafına göstərdiyi böyük qayğıya görə Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirirlər.

Şəhər gigiyena və epidemiologiya mərkəzi üçün inzibati və laboratoriya binaları, Aran qəsəbəsində, Ərəş, Nərimanabad, Nemətabad kəndlərində həkim ambulatoriyaları tikilmiş, şəhər poliklinikası və mərkəzi xəstəxanada əsaslı təmir, yeddi kənd xəstəxanasında isə cari təmir işləri aparılmışdır.

Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi barədə Prezident İlham Əliyevin imzaladığı Sərəncam Yevlaxda uğurla həyata keçirilir. Şəhərdə Avropa standartlarına cavab verən 5 min yerlik şəhər stadionu, idman-sağlamlıq bazası fəaliyyət göstərir. “Karvan” futbol komandası ötən il güclülər dəstəsinin respublika birinciliyində üçüncü yerlə kifayətlənmiş, bürünc medala layiq görülmüşdür. Builki mövsümdə isə komanda yarış cədvəlinə başçılıq edir. “Yeni Yevlax” futbol komandası isə birinci liqada şəhərin idman şərəfini ləyaqətlə qoruyur. Bütövlükdə Yevlax rayonunda idmanın inkişafına ciddi fikir verilir. Bu sahədə rayon gənclər və idman idarəsinin də həyata keçirdiyi tədbirlər öz səmərəsini verir. Təbii ot örtüklü səkkiz idman meydançası gənclərin istifadəsinə verilmişdir.

Müşavirədə qeyd olunmuşdur ki, ölkə Prezidentinin iqtisadi və sosial sahənin inkişafı üçün yaratdığı əlverişli şərait, azad sahibkarlığa göstərilən qayğı əhalinin məşğulluğunun təmin olunmasına, yeni iş yerlərinin açılmasına imkan vermişdir. Ötən il sutkada 80-100 min kərpic istehsal edən zavod fəaliyyətə başlamış, 300 nəfər işlə təmin olunmuşdur. “Qida” və “Namiq” MMC-lərdə yenidənqurma işləri aparılmış, tikiş fabriki, çörək zavodu, makaron sexi və digər ticarət, məişət, ictimai-iaşə obyektləri istifadəyə verilmişdir. “Gilan” dəri məmulatları zavodu, konserv sexi, mebel fabriki, akkumulyator istehsal edən müəssisənin inşası sürətlə davam etdirilir.

2005-ci ildə 4258 nəfər işlə, o cümlədən 1294 nəfər daimi işlə təmin olunmuşdur.

Müşavirədə yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Prezidentin İcra Aparatının məsul işçisi Mirzə Novruzov, Milli Məclisin deputatları Əli Hüseynov, İlham Məmmədov tədbirdə iştirak etmişlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.