MƏDƏNİYYƏT
YOLDAŞIMIZIN XATİRƏSİ
Hər gün görüşdüyün, birgə işlədiyin insanları itirmək çox ağırdır. Təəssüf ki, Azərbaycan Dövlət Teleqraf Agentliyinin kollektivinə yenə də belə bir ağır itki üz vermişdir: həmkarımız, bacarıqlı işçi və gözəl insan Namiq Tomtiyev qəflətən, vaxtsız həyatdan getdi.
Ömrünün 47-ci baharına qədəm qoymağa hazırlaşan ağıllı, yaraşıqlı, həmişə çöhrəsində təbəssüm görməyə adət etdiyimiz Namiq hələ dünən, Azərbaycan xalqının ən əziz bayramı olan Novruz ərəfəsində AZƏRTAC-ın dəhlizlərində bizimlə salamlaşır, qarşıdan gələn bayram münasibətilə bizi təbrik edirdi. İndi isə birdən-birə bu cür ağır xəbər! Martın 20-də, Namiq işə gəlməyə hazırlaşanda amansız ölüm onu yaxaladı...
Namiq Camal oğlu Tomtiyev AZƏRTAC-da 10 il idi işləyirdi. Bakıda ziyalı ailəsində doğulmuş, orta məktəbi, sonra Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. 1991-ci ilə qədər Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda işləmişdir. Əmək fəaliyyətinin sonrakı bir neçə ili “Azərbaycan” nəşriyyatı, “Panorama” qəzetinin redaksiyası ilə bağlı olmuşdur. İngilis dilini kifayət qədər yaxşı bilən və bu sahədə biliklərini daim təkmilləşdirən Namiq 2000-ci ildən AZƏRTAC-da çalışırdı. İngilis dilinə tərcüməçi, böyük redaktor olmuş, sonra Xarici dillərdə informasiya baş redaksiyasının baş redaktoru təyin edilmişdir. Bu redaksiyanın işinin günün tələbləri səviyyəsində qurulmasında, AZƏRTAC-ın xəbərlərinin dünyaya yayılmasında onun böyük əməyi olmuşdur.
O, həyatda olduğu kimi, işdə də ən yüksək insani normaları rəhbər tutur, fədakarcasına, namusla çalışırdı. Savadlı və alicənab, insanlarla münasibətlərində təvazökarlığı və təmkininə görə kollektivdə hamının sevgisini və hörmətini qazanmışdı. Özü də iş yoldaşlarının problemləri, onların qayğıları ilə ürəkdən maraqlanır, köməyini əsirgəmirdi. Ailəsi barədə, hazırda Bakı Dövlət Universitetində təhsil alan yeganə qızı barədə fərəhlə danışardı...
Namiqin nurlu xatirəsini heç vaxt unutmayacağıq!
Allah rəhmət eləsin!
AZƏRTAC-ın kollektivi
######